“Hətta mesajlarda və telefon danışıqlarında belə bu kimi informasiyaların ötürülməsinə şərait yaratmayın”
“Doğmalarınızın hansı hərbi hissəyə düşdüyünü sosial şəbəkələrdə müzakirə etməyin”
Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib. Müraciətdə qeyd edilir ki, aprelin 1-dən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.
Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir.
Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir. Bəs məlumatlar kimlər tərəfindən və nə məqsədlə yayılır?
Müdafiə Nazirliyinin çağırışını dəstəkləyən hərbi ekspert İbrahim Rüstəmli "Şərq”ə bildirib ki, bu gün KİV-lər kimi, sosial şəbəkələr də çox böyük informasiya yükünə malik daşıyıcı qismində çıxış edir: "Düşmənin xüsusi xidmət orqanları lazımi məlumatların mütləq əksəriyyətinə məhz bu bazaların təqdimatı əsasında yiyələnir, onları tutuşdurur və nəhayət, dəqiqləşdirmələr aparır. Yəni, müasir dövrdə artıq sosial şəbəkələr də kəşfiyyat məlumatları üçün əsas mənbə rolunu oynayır.
Müdafiə Nazirliyinin haqlı narahatlığını başa düşür və bu narahatlığı ifadə edən çağırışlarını dəstəkləyirəm. Xüsusi vurğulamaq istəyirəm ki, problemin tam aradan qaldırılması üçün bu kimi çağırışlar yetərli deyil. Yəni, insanları maarifləndirmək, hərbi sirlərin qorunması məsələlərini gündəmə gətirmək, hərbi qulluqçuların informasiya təhlükəsizliyini təmin etmək yalnız bir qurumun öhdəsindən gələ biləcəyi iş deyil. Bu işdə bütövlükdə cəmiyyətin fəal iştirakına, təəssübkeşliyinə, təşəbbüskarlığına və yaradıcı münasibətinə ehtiyac var. Məqsədə çatmaq üçün yeganə yol yalnız bu ehtiyacı qarşılamaqdan keçir.
Bununla belə, üzümü sosial şəbəkə üzvlərinə tuturam: bu gün doğmalarınızın hansı hərbi hissəyə düşdüyünü, yaxud həmin hərbi hissələrin dislokasiya yerlərini müzakirə mövzusuna çevirmək və bu barədə hərbi məlumatları yaymaqla, sabah onları böyük təhlükə qarşısında qoymuş olursunuz. Unutmayın, ayrı-ayrı adamların qüsurlu yanaşma tərzi, dar dünyagörüşü, ehtiyatsız hərəkəti və səhlənkarlığı sonunda düşmənin manevr imkanlarını ikiqat artırır.
Ona görə də əgər sabah bu ölkənin müdafiəsində dayanacaq əzizlərinizi -Azərbaycan əsgərini qorumaq istəyirsizsə, bu müzakirələrə qəti şəkildə son qoyun. Hətta mesajlarda və telefon danışıqlarında belə bu kimi informasiyaların ötürülməsinə şərait yaratmayın”.
Yeganə Bayramova