Ekspert:"Azərbaycanın enerji təhlükəsizliyi üçün milyardlarla vəsait ayrılıb" - Korrupsiya elementi

Ölkə başçısının bu qədər diqqət göstərməsinə rəğmən enerji sektorunun belə vəziyyətdə olması xoşagəlməz haldır”
Bu barədə "Sherg.az”a Mingəçevir İES-dəki qəza ilə bağlı kecirilən müşavirədə Preziden İlham Əliyevin "Son 15 ildə bu sahəyə çox böyük investisiya yatırılıb” fikrinə münasibət bildirərkən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Ekspert söyləyib ki, mövcud problemlərə bağlı rəy və ya iradlarını dəfələrlə dilə gətiriblər:
"Baş verən qəza ilə bağlı ötən gün baş tutan müşavirədə ölkə başçısı hadisələrə münasibət bildirdi. Bu da problemlərin ciddi olduğunu göstərir. Bu günə qədər problemin arqumentini ortaya qoyanlar, problemin olmadığını dəstəkləyən tərəflər yaranmış vəziyyət qarşısında öz fəaliyyətlərini etiraf etməyə məcbur oldu. Azərbaycanda enerji təhlükəsizliyi müstəqillik dövründə ölkənin ən vacib istiqamətlərindən biri olub. 
Bu məqsədlə ayrılan milyardlarla vəsait təqribən yeddi milyarda qədər müəssisənin elektrik enerjisi ilə təmin edilməsi üçün ayrılıb. Xərclənmə zamanı pullara nəzarət mexanizminin olmaması, ictimai iştirakçılığın olmaması, korrupsiya elementlərinin prosesdə daha çox öz əksini tapması nəticəsində saxta nəticələrin ortaya çıxmasını müşahidə etdik. 
Artıq bu sahədə islahatların keyfiyyətinin və istiqamətinin dəyişməsi məsələsi gündəmə gəlib. Ölkədə elektrik enerjisinin istehsalı daxili tələbatdan 30 faiz artıq olduğudan elektrik stansiyasında baş verən qəza ölkə üzrə bütövlükdə təhcizat sistemini çökdürdü. İri dövlət müəssisələri, neft şirkəti, metropoliten və səhiyyə müəssisələri öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı. Bu çox acınacaqlı bir vəziyyətdir. Problemin ciddiliyini artıran əsas amil isə Azərbaycanın müharibə şəraitində olmasıdır. 
Bu gün Azərbaycanda elektrik enerjisinə tələbat 17,6 milyard kvv/saatdır. Amma ölkədə istehsal olunan enerjinin həcmi 25 milyard kvv/saata yaxındır. Hazırda Azərbaycanda 35 elektrik stansiyası var. Bu heç də az göstərici deyil. Bir stansiyada yaranan nasazlıq belə böyük problemə yol açmamalı idi. Son dövrlərdə elektrik stansiyalarında baş verən hadisələr özəl təşəbbüskarlığq üçün şəraitin yaradılması məsələsini gündəmə gətirdi. Strateji yol xəritələrində elektrik enerjisi istehsal edən müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulub. Baş verən hadisə isə problemi daha da aktuallaşdırdı. Düşünürəm ki, özəlləşdirmənin vaxtı çatıb. Bu istiqamətdə çox ciddi islahatlar aparılmalıdır".
Ekspertin qənaətincə, Azərbaycanda elektrik şəbəkəsinin inteqrasiyası zəif gedib:
"Bakıda fəaliyyət göstərən, Bakı ətrafında mövcud olan elektrik stansiyaları paytaxtı elektrik enerjisi ilə təmin etmir. Həmçinin Şirvanda elektrik enerjisi istehsal olunur. Amma şəhərə enerji yenə də Mingəçevirdən gətirilir. Bunların hamısı geniş idarəetmə mexanizminin olmadığını göstərir. Bundan başqa digər problemlər də üzə çıxır. Bu kimi problemlərdə alternativ enerji mənbələrindən istifadə olunmalıdır. 
Amma Azərbaycanda alternativ elektrik enerjisindən istifadə çox aşağıdır. Düşünürəm ki, sadaladığımız fundamental səbəblər aradan qaldırmadıqca hər zaman belə risklərlə üzləşəcəyik. Bu hadisə Azərbaycanın iqtidsadiyyatına nibətən də olsa, mənfi təsir göstərdi. Buna nəzarət edənlər faktiki olaraq cəzalandırılmalıdır. Ümumiyyətlə, sözügedən sahədə nəzarət mexanizmi yaradılmalıdır. Hər dəfə belə hadisələr yaşanan zamanı sonradan böyük nöqsanlar ortaya çıxır. Bunun da əsas səbəbi cəza mexanizminin olmamasıdır. Kimsə öz vəzifəsini, öhdəliklərini yerinə yetirmədikdə ona cəza mexanizmi tətbiq olunmalıdır. Tətbiq olunmadıqda isə belə problemlər daha da artacaq”.
Kənan Eynuroğlu