Millət vəkilləri 103 yaşlı çeçen nənəni sevindirib
Hikmət Babaoğlu: “O, Azərbaycan dilində yaxşı danışırdı. Ölkəmizlə bağlı da kifayət qədər məlumatlı idi”
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin bir qrup deputatı Goranboyda tapılan, çeçen əsilli olduğunu iddia edən 103 yaşlı Mədinə Əliyevanın qaldığı sığınacağa baş çəkib, yaşlı nənənin vəziyyəti ilə maraqlanıblar. Milliyətcə çeçen olduğunu deyən yaşlı qadının əsl kimliyi müəyyən edilməyib.
O, özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad və soyadlı qadının qeydiyyatda olmadığı bildirilib. Həmçinin, Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılaraq, onun ölkəyə giriş-çıxışının olub-olmadığı aydınlaşdırılıb.
Məlumat üçün deyək ki, Mədinə Əliyevanı ziyarət edən deputatlar arasında millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da olub. Yaşlı qadınla baş tutan görüşün təfərrüatları ilə bağlı "Şərq”ə danışan deputat görüşdən xoş təəssüratlarla ayrıldığını deyib. Millət vəkilinin sözlərinə görə, kimliyindən asılı olmayaraq, ölkəmizə təşrif buyuran bütün şəxslər bizim əziz qonağımızdır:
"Azərbaycanın milli mentaliteti tələb edir ki, istənilən şəxsə, xüsusən yaşlı insanlara diqqət və qayğı göstərək. 103 yaşlı qadının Azərbaycana gəlmə səbəbi hələ tam dəqiqləşməyib. Çox güman ki, onun ölkəmizə necə gəldiyi müvafiq qurumlar tərəfindən araşdırılacaq. Bizim əsas məqsədimiz ondan ibarət idi ki, kimsəsiz bir nənəyə Azərbaycan xalqının humanist ənənələrinə söykənərək mənəvi yardım göstərək, dayaq olaq. Mədinə Əliyeva adlı yaşlı qadın bizi gördüyü üçün çox sevindi və məmnuniyyətini ifadə etdi.
O, Azərbaycan dilində yaxşı danışırdı. Ölkəmizlə bağlı da kifayət qədər məlumatlı idi. 103 yaşı olmasına baxmayaraq, əlində milli mənəviyyatımızı formalaşdıran əsas vasitələrdən biri sayılan islam dini ilə bağlı kitablar var idi. Nənə həmin kitabları oxuyur, dualar edirdi. Qadın Azərbaycanda dəfələrlə olduğunu deyərək ölkəmizi çox sevdiyini, burada vəziyyətinin yaxşı olduğunu bildirirdi. Biz də vurğuladıq ki, onun hər cür istək və arzusunu yerinə yetirməyə hazırıq”.
Deputat bildirib ki, vətəndaşı olduğu ölkənin müvafiq orqanları həm səfirlik, həm də nümayəndəlik səviyyəsində nənənin taleyi ilə maraqlanırlar:
"Yəqin ki, yaxın vaxtlarda Azərbaycanın müvafiq qurumlarının köməyi ilə öz doğma yurduna, yuvasına qayıdacaq. Əsas odur ki, Azərbaycanda olduğu müddətcə xalqımızın qayğısı ilə əhatə olunsun və özünü yaxşı hiss etsin”.
İsmayıl