Elmira Axundovadan Siyavuş Novruzova cavab: "Susmamışam, hətta Özbəkistanda da... "






Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deputat həmkarlarını xaricdəki "həmvətənlərimiz"in ölkəmizə və ölkə başçısı cənab İlham Əliyevə qarşı başlatdığı qarayaxma kampaniyasına susqunluq nümayiş etdirməkdə günahlandırıb. 

O qeyd edib ki, bu məsələdə cəmiyyətin fikri yekdil olmalıdır: "Hamı mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir. Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülür, amma ölkəni müdafiə etmək məsələsi ortaya qoyulanda hərə bir tərəfə çəkilir, mövqeyinizi ortaya qoyun!”.

S.Novruzovun ittihamlarına millət vəkili Elmira Axundovanın cavabı gecikməyib.

"Sherg.az" xəbər verir ki, həmkarının fikilərinə etiraz edən xanım parlamentari diqqətə çatdırıb ki, bu səviyyəsiz adamlar haqqında yüksək səviyyədə müzakirələrin açılması həmin "soydaş"larımızı sevindirir:

"Onlar kimdirlər, nəçidirlər? Bu mənada istəmirəm ki, biz onlardan danışaq, onları müzakirə edək. Madam ki, söhbət açılıb, mən də cavab verirəm. Baxın, mən bu "qara piar" kampaniyası ilə bağlı "Şərq" qəzetinə müsahibə verib, münasibətimi bildirmişəm".

E.Axundova müsahibədən sitat gətirib:

"Açıqlamamda söylədim ki, kişi kimi rəqabət aparmaq lazımdır. Azərbaycan kişisi bıçağı kürəyə deyil, sinəyə vurmağı bacarmalıdır. Bundan başqa qeyd etmişəm ki, Azərbaycanı diktatorial ölkə adlandıranlar parlamentin iclaslarına diqqət etsinlər. Ölkədəki bütün problemlər açıq-aşkar müzakirəyə çıxarılır. Mən müxalifətdə deyiləm, amma çoxsaylı tənqidi çıxışlarım olur. Bunu bütün jurnalistlər və Azərbaycan ictimaiyyəti görür. Bizə kim nə deyir !?" Mənim çıxşlarım nə parlamentin sədri Oktay Əsədovun, nə də başqalarının hiddətinə səbəb olur. Bütün bunlar isə Azərbaycanda demokartiyanın aydın təzahürüdür".

Özbəkistanın paytaxtı Daşkənddə baş tutan "İlham Əliyev. Prezidentin Portreti Dəyişikliklər Fonunda " özbək dilində nəşr olunan kitabının təqdimatından qayıtdığını vurğulayan E. Axundova bəyan edib ki, həmin mərasimə 200-dən artıq insan toplaşıb: 

"O tədbirdə ölkəmizin inkişafı, Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətlə bağlı çox müfəssəl çıxışlar etdim . Məndən sonra görkəmli özbək tarixçi- alimi, Erməni daşnaklarına qarşı məşhur kitabın müəllifi, Özbəkistanda çox böyük nüfuza sahib olan Şöhrət Salamov çıxış etdi. O mənim "Şərq" qəzetində dərc olunan məlum müsahibəmi oxuduğunu söylədi, mövqeyimə razılıq və dəstəyini ifadə etdi. O bildirdi: "İlham Əliyev Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atıb. Tarix boyu güclü dövlət başçılarının fəaliyyətinə, onların irsinə qarayaxmaq istəyənlər peyda olur. Elmira Axundovanın fikirlərinə dəstək olaraq xarici ölkələrdə anti-Azərbaycan təbliğatı aparanlara səslənirəm. Bu, Vətənə, millətə, dövlətə xəyanətdir. Həmin adamlar xarici kəşfiyyat orqanlarının nəzarətindədirlər. Onlar da həmin "Qrant"ları ancaq və ancaq belə üsullarla əldə edirlər. Yəni öz ölkələrinə qarşı çıxış edirlər və bu yolla xarici xidmət orqanlarından "qrant" alırlar. Belə insanlar vaxtilə Əfqanıstanda , İraqda, Liviyada və Ukraynada da olub və rəngli inqilablar törədiblər. İndi biz onun ağır nəticələrini müşahidə edirik".

E.Axundova onu da əlavə edib ki, Ş. Salamov bu barədə rusca geniş məqalə yazıb və bu məqalə sabah "Kaspiy" qəzetində dərc olunacaq:

"Yəni bunlar onu göstərir ki, bir millət vəkili kimi həmin hadisələrə susmamışam. Dövlət, dövlətçilik , müstəqilliyimiz, ölkədəki sabitlik və əmin-amanlıqla bağlı bütün məsələlərə həmişə münasibət bildirmişəm. Bu açıqmalarım da sosial şəbəkələrdə geniş yayılır, hətta xaricdə də oxunur və dəstəklənir".

Ayyət Əhməd