Elnarə Abdullayeva danmır

"O baxıcının yanına səhhətimlə bağlı getmişəm"
"Ora gedib «mənə cadu yaz» deməmişəm, kiminsə evini dağıtmamışam"



Əməkdar artist Elnarə Abdullayevanın son günlər baxıcı Məmməd Səfanın (Dədə ləqəbli baxıcıdan söhbət gedir) yanında olması ilə bağlı məsələ müzakirələrə səbəb olub. İnternet kanallarından birində adıçəkilən baxıcı ilə bağlı yayılan videogörüntülərdə jurnalist baxıcının yanında olan məşhurların adını hallandırıb. O adlar arasında Elnarə Abdullayevanın adı da çəkilib. Bu barədə Elnarə telekanallardan birində qısa açıqlama da verib. Nədənsə, Elnarənin bu açıqlamasından sonra bəzi mətbuat nümayəndələri Əməkdar artistin ünvanına hazırladıqları materiallarda təhqirlərə yol veriblər. 

«Şərq»ə bu barədə danışan Əməkdar artist «Mən bu barədə danışmaq istəmirdim. Amma bəzən danışmayanda elə düşünürlər ki, çəkinirəm, susuram. 

Elə deyil. Əvvəla, mənə sual verildi ki, adınız həmin baxıcı ilə hallanır, deyilənə görə, siz də bir çox məşhurlar kimi onun yanına getmisiz. Mən də cavab verdim ki, getmişəm. Yalan deyim? Artistlik edəydim ki, getməmişəm? Bunu özümə yaraşdırmaram. Axı getmişəm. Amma ora getməyimin məqsədi səhhətimlə əlaqəli olub. 

Türkiyədən tutmuş bir çox yerlərə getdim, müayinə olundum, ancaq mənə dəqiq diaqnoz qoymadılar. Dedilər sağlamlığınızda problem yoxdur. Amma mən özümü yaxşı hiss etmirdim. Dedilər belə bir insan var, get yanına, insanın canı ağrıyanda gözünə heç nə görünmür. Getdim. Hamımız dinə, Qurana bağlı insanlarıq. Quran açıb, Qurana baxıb. Vəssalam. Əgər Quran açdırmaq günahdısa, onu desinlər, bilim. 

Qurandan mənə dua oxudu, mən də imanlı olduğum üçün Quranın gücünə, kəramətinə inanmışam. Nəticəsini də görmüşəm. Şükür, indi özümü yaxşı hiss edirəm. Ora gedib «mənə cadu yaz» deməmişəm, kiminsə evini dağıtmamışam. Bir də bəziləri kimi də getdiyimi danmamışam. Qaldı özlərini bəzi mətbuat nümayəndələri çox ağıllı, savadlı hesab edir, peşəkarlıqdan danışır, peşəkar jurnalist bu məsələdə mənim adımı dönə-dönə çəksə də, bir dəfə də olsun münasibətimi öyrənmək üçün əlaqə yaratmayıblar. Buna peşəkarlıq deyilir? Özümdən soruşan olmayıb ki, niyə getmişən? 

Peşəkar jurnalistikada tərəfin münasibətini öyrənmədən məlumat yaymağın özü hüquqları pozmaq deməkdir. Bununla mənim işgüzar nüfuzuma xələl gətirmək niyyətində oldularsa, istəkləri alınmadı. Amma Elnarə Abdullayevanın adını çəkməklə öz xəbər səhifələrinə reytinq gətirə bildilər. Adamın Allahı var. Mənim haqqımda olan materiala baxış da çox olub. Elə onlara da bu lazım imiş».

Tahirə