Əmlak bazarında vəziyyət daha da pis olacaq

Çünki potensial alıcılar əlindəki pullarla ev almaqdansa, onu dollara çevirib saxlamağı üstün tutur




Son vaxtlar ölkədəki iqtisadi durum və inflyasiya, əhalinin real gəlirlərinin azalması bazarın digər seqmentlərində olduğu kimi mənzil bazarında da azalma ilə nəticələnib. 2016-cı il daşınmaz əmlak bazarı üçün ağır illərdən biri kimi yadda qaldı. Ötən il paytaxtın mənzil bazarı həm aktivlik, həm də qiymət baxımından çətin keçdi.

Dolların manata nisbətən kəskin bahalaşması bu bazara ciddi təsirlərini göstərdi. Əlində pulu olan alıcı bazarın stabilləşməsini gözləyir və nəticədə daşınmaz əmlak bazarında durğunluq yaranır.

Məsələ ilə bağlı "Şərq”ə danışan Əmlak Eksperti Mərkəzinin direktoru Ramil Osmanlı da alıcıların əllərindəki vəsaiti hansısa əmlaka qoymaqdansa, onu dollara çevirib saxlamağa üstünlük verdiklərini bildirib. Mərkəz direktorunun sözlərinə görə, manatın məzənnəsi sabitləşməsə, 2017-ci ildə də mənzil bazarında durğunluq və qiymət artımı davam edəcək: 

"Manatın məzənnəsinin sabitləşməməsi bütövlükdə bazara mənfi təsir göstərir. Çünki faktiki olaraq potensial alıcılar indiki mərhələdə öz əllərində vəsaiti dollarla saxlayırlar. Hamı düşünür ki, vəsaiti hansısa bir əmlaka qoymaq yerinə onu dollara çevirsinlər. Bu da təbii ki, bütün istiqamətlər üzrə, həmçinin də daşınmaz əmlak bazarında mənfi təsirlərini göstərir. Hesab edirəm ki, manatın sabitləşməməsi əgər uzun müddət davam edərsə, bazar üçün yalnız mənfi nəticələrə gətirib çıxara bilər. Çünki, əməliyyatların həcmi azalacaq, yəni insanlar alqı-satqı əməliyyatlarına səy göstərməyəcəklər, buna can atmayacaqlar. Beləliklə, istehlak bazarları və daşınmaz əmlak bazarı üzrə ciddi problemlər yaranacaq. Son nəticə bundan ibarətdir ki, Azərbaycan hökuməti indiki mərhələdə manatın dəyərinin sabitləşməsi istiqamətində müəyyən addımlar atmalıdır”.

Yeganə Bayramova