Zəlimxan Məmmədli: "Mənşəyi bəlli olmayan, yaxud genefonda təsirli tərkibi olan qidalara qadağa qoyula bilir. Qadağanın səbəbini isə hökmən əsaslandırmaq lazımdır"
"Qadağan olunan qida məhsulları ilə bağlı konkret siyahı var. Hər hansı rəsmi istehsal olunan içkini bu siyahıya daxil etmək düzgün deyil”.
Bunu "Sherg.az”a millət vəkili Musa Quliyevin energetik içkilərin satışının məhdudlaşdırılması haqqında təklifinə münasibət bildirərkən həkim Zəlimxan Məmmədli deyib.
O bildirib ki, narkotik daşıyıcılar, zərərli tərkibli qida məhsulları bu siyahıya daxil edilir:

"Alkaqol və digər stimullaşdırıcı maddələr əlavə olunmuş içkilərə qadağa mexanizmi yoxdur. Sadəcə, Azərbaycanda ən ciddi problemlərdən biri Ərzaq Təhlükəsizliyi proqramının olmamasıdır. Bunlar xaricdən idxal olunan məhsullardır. Onların keyfiyyət sertifikatı, tərkibinin müəyyənləşdirilməsi, bazara buraxılmasının məqsədə uyğunluğu haqqında xüsusi proqram olmalıdır.
Avropa dövlətlərində, həmçinin qonşu Gürcüstanda ərzaq təhlükəsizliyi ilə bağlı qanunvericilik var, sistem işləkdir. Bunun mənşəyi bəlli olmayan, yaxud genefonda təsirli tərkibi olan qidalara qadağa qoyula bilir. Qadağanın səbəbini isə hökmən əsaslandırmaq lazımdır.
Məsələn, "Coca-Cola" kimi içkilərlə bağlı müxtəlif iddialar ortaya atılır. Onun tərkibi, nədən hazırlanması müzakirə olunur, ziyanlı tərəfləri sadalanır. Lakin bu içkiləri təbliğ edənlər də, qəbul etməyənlər də alıb, içir. Demək, hər qadağa qoymaqla bu cür məhsulların qarşısı alınmayacaq. Əsas məsələ qadağan etməyin hüquqi əsası olmalıdır. Həmçinin qadağa qoyulması bazar münasibətlərinə ziyan vura bilər.
Təcili şəkildə "SOS” siqnalı ilə ərzaq təhlükəsizliyi haqqında qanunvericiliyin hazırlanmasını və icra orqanlarında bunun icra mexanizmlərinin işlənməsini təklif edirəm. Hətta bu genofondun qorunması baxımından çox əhəmiyyətlidir”.
Qeyd edək ki, deputatın sözlərinə görə Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir. Üzərilərinə 18+ işarəsi yazılsın. Bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcək.
Aysel Aslan