Energetik və qazlı içkilər böyrəkdə daş yaradır ? - AÇIQLAMA

"Energetik və qazlı içkilərin yalnız böyrəklərə deyil, bütün orqanizmə zərəri var”.
Bu barədə "Sherg.az”a qazlı və energetik içkilərin insanın böyrəklərində daş yaratması barədə iddialara münasibət bildirərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı bildirib. 
O vurğulayıb ki, həmin içkilərin tərkibinə tibbə və ictimaiyyətə məlum olmayan qatqılar əlavə edilir:
"Böyrək daşının yaranmasına isə tək bu içkilər səbəb olmur. Əlavə qidalar, kalsium, maqnezium çatışmazlığı böyrəklərdə problemlər əmələ gətirir. Hətta bəzən böyrək normal fəaliyyətdə olur, amma laborator müayinə nəticəsində çatışmazlıq ortaya çıxır. 
Gündəlik zülal qəbulunun həddindən çox olması buna səbəb kimi göstərilir. Energetik və qazlı içkilərin qəbulu və qeyri-sağlam qidalanma faktorları orqanizmin problemlərini artırır. Böyrəklərdə daş yaranmasına adi içdiyimiz suyun tərkibindəki elementlər belə səbəb ola bilər. Bütün bu faktorlar yığıldıqda, böyrəklər üçün ciddi risk formalaşır”.
Ş.Namazlı əlavə edib ki, qazlı və energetik içkilərin konkret böyrək daşlarına səbəb olduğunu iddia etmək üçün araşdırmalara, müəyyən müddəti əhatə edən tədqiqatlara ehtiyac var:
"Böyrək daşlarının yalnız qazlı və energetik içkilərin təsiri ilə formalaşdığı fikri ilə razı deyiləm. Bunu iddia edən həkim mütləq tədqiqatını ortaya qoymalıdır”.
Aysel Aslan