Sədrəddin Soltan:"İraqın şimalında Kürdüstan müstəqilliyini elan edərsə, o zaman Türkiyə, İran və İraqın mərkəzi hakimiyyəti buna qarşı əməliyyat keçirəcək""Belə dövlətin yaranması hə Türkiyənin, həm də İranın ərazi bütövlüyünü təhdid altına alır"
"Ərdoğanın İrana səfərində əsasən Suriya və İraqdakı vəziyyət, İraqın şimalındakı yerli Kürd Muxtariyyətinin təşəbbüsü isə keçirilən qeyri-qanuni referendum və ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunacaq”.
Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin nəticələrindən danışarkən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
O bildirib ki, görüşün nəticəsinə görə, Türkiyə və İraq arasında gömrük, iqtisadi və ticarət məsələlərinə dair müqavilə imzalanıb:
"Bu görüş həm də İran-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü toplantısı idi. İraq məsələsinə dair anlaşmada qərara gəlinib ki, İraqın ərazi bütövlüyü hər iki dövlət tərəfindən tanınır, separatçılığı bu dövlətlər rədd edir. Əgər İraqın şimalında Kürdüstan müstəqilliyini elan edərsə, o zaman Türkiyə, İran və İraqın mərkəzi hakimiyyəti buna qarşı əməliyyat keçirəcək. Suriyanın ərazi bütövlüyü məsələsinə gəlincə isə, bununla bağlı Astanada əldə edilmiş İran, Rusiya və Türkiyə arasındakı razılaşmanın yerinə yetirilməsinə toxunublar”.
S.Soltanın sözlərinə görə, İran və Türkiyə İraqın ərazi bütövlüyünün pozulmasından, ərazisində başqa dövlətin yaranmasından narahatdırlar:
"Ərdoğanın bu səfərinin də əsas mahiyyəti belə aksiyanın baş tutmasına mane olmaqdır. Ona görə, digər məsələlərdə buna yardımçıdır. Çünki Türkiyə və İran İraqın şimalında dövlətin yaranmasına razılıq verməzsə, bu, çətin baş tutacaq. Bu dövlətlərin hər birinin tarixi kökləri dərindir, dövlətçilik tarixi çoxdur. Kənardan təsirlə yaradılacaq dövlətin mövcud olmasına çətin ki, imkan versinlər. Belə dövlətin yaranması hə Türkiyənin, həm də İranın ərazi bütövlüyünü təhdid altına alır. Ehtimal olunan bu təhlükənin indidən qarşısını almağa çalışırlar. Türkiyə prezidentinin bu səfərində də həmin məsələ ictimaiyyətə birbaşa çatdırılmasa da, dolayısı ilə bildirildi. Hər iki ölkənin separatçılığa qarşı olması bəyanatı dediyimizə sübutdur”.
Qeyd edək ki, Ərdoğan səfər çərçivəsində İranın ali dini lideri Seyid Əli Xamneyi və prezidenti Həsən Ruhani ilə mühüm görüşlər keçirəcəyi bildirilib.
Aysel Aslan