Baxçalı doğru və strateji təklif səsləndirib
Erkən seçkilər Türkiyəni çaxnaşmalardan, təhlükələrdən qoruya bilər
Türkiyədə müxalif Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edib. Baxçalı növbədənkənar seçkilərin bu il avqustun 26-da keçirilməli olduğunu bildirib. Sədrin sözlərinə görə, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz:
"Türkiyənin 3 noyabr 2019-cu ilə qədər səbrlə dayanması mümkün deyil. Ölkənin sistem müzakirələri ilə boğulmaq istənildiyi bugünkü şərtlər altında sabitliyə və tarazlığa çatması çətindir. Ona görə də seçkilər önə çəkilməlidir”.
Dövlət Baxçalının açıqlamasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP liderinin təklifinə münasibət bildirib. Ərdoğan təklifi Baxçalı ilə müzakirə edəcəyini deyib: "Sabah onunla görüşüb, məsələni müzakirə edəcəyik”.
Bir müddət öncə təsis olunan İYİ Partiyanın sədr müavini Ümit Özdağ MHP sədrinin təklifinə dəstək ifadə edib. O, deyib ki, erkən seçkilər Türkiyə üçün xeyirli olacaq: "Biz seçkiyə hazırıq. Sədrimiz Meral Akşener 15 iyul tarixini dəfələrlə dilə gətirib. Erkən seçkilər Türkiyə üçün xeyirli, qurtuluşun başlanğıcı olacaq”. Məlumat üçün deyək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.
Baxçalının təklifini "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, erkən seçkilər mövcud strateji hədəflər və regiondakı geosiyasi vəziyyət nəzərə alınaraq keçirilir. Ekspertin sözlərinə görə, seçkini qabağa çəkməklə bir çox risklərdən sığortalanmaq mümkündür:
"Türkiyə dövləti üçün bir çox təhlükələrin olduğu hiss olunur. Dövlət Baxçalının erkən seçim təklifinin ABŞ və müttəfiqlərinin Suriyanı bombalamasından dərhal sonra gündəmə gəlməsi ortalığa çıxa biləcək geosiyasi hadisələrlə bilavasitə əlaqəlidir. Qərbin Suriya əməliyyatı Əsəd rejiminin kimyəvi silahlar bazasını vurmaqla məhdudlaşmır. Burada çox uzağa hesablanmış niyyətlər var. ABŞ nəinki Suriyadan çəkilmir, əksinə, bölgədə əsas oyunçu olmağa çalışır. Vaşinqtonun təklifi ilə ortaya çıxan Fransa Suriya ilə bağlı toplantı keçirmək üçün digər Avropa ölkələrinə çağırış edib.
Bu o anlama gəlir ki, Qərb ölkələri Suriyadakı prosesləri ələ alan Türkiyə-İran-Rusiya üçlüyünün birliyini dağıtmaq niyyətindədir. Baxçalı bunları yaxşı dərk edir. Anlayır ki, zamanla Türkiyəyə təzyiqlər arta, ölkə daxilində çaxnaşma yarana bilər. Seçkiləri önə çəkməklə Türkiyə bu cür riskləri müəyyən mənada qarantiyaya almış olacaq. Hesab edirəm ki, çox doğru və strateji təklifdir. Düşünürəm ki, hakim partiya Dövlət Baxçalının təklifinə müsbət yanaşacaq”.
Analitik əlavə edib ki, Baxçalının təklifi ana müxalifət partiyası olan Cühmuriyyət Xalq Partiyası tərəfindən də müsbət qarşılanacaq: "CHP aylardır ki, erkən seçkilərlə bağlı hökumətə çağırış edir. Çox güman ki, Kamal Kılıçdaroğlu da erkən seçkilərə etiraz etməyəcək”.
İsmayıl