Ərdoğanın Ukrayna açıqlamaları anlaşılandır

“Ankara manevr siyasətini davam etdirir və anlayır ki, yalnız Rusiya ilə əməkdaşlığa bel bağlaya bilməz”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna rəhbəri Pyotr Poroşenko ilə görüşdə Ankaranın Ukraynanın müstəqilliyini dəstəklədiyini və Krımın qeyri-qanuni işğalını tanımadığını deyib. Ərdoğan bildirib ki, Krım Ukrayna qədər Türkiyə üçün də qırmızı xətdir:

"Ankara yarımadanın Rusiyaya "məxsusluğunu” heç zaman qəbul etməyəcək”. Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov isə deyib ki, Ərdoğanın fikrinə baxmayaraq, Krımın statusu dəyişməyəcək. Onun sözlərinə görə, Krım Rusiya dövlətinindir və türk lideri buna təsir edə bilməz: "Ərdoğanın Krımın Rusiyaya mənsubluğunu tanıyıb-tanımaması Krımın statusunu dəyişdirmir. O bunu çox yaxşı bilir, sadəcə Poroşenkoya xoş getsin deyə belə deyir”. 

Ərdoğanın açıqlamasını "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Krım Ukrayna ərazisidir. Ruslar özləri də anlayırlar ki, gec, ya tez Krımı tərk edəcəklər: "Dünyanın heç bir ölkəsi Krımın ilhaqını qəbul etməyəcək. Ankara öz oyununu oynayır. ABŞ-la ciddi gərginlik yaşayan Türkiyə üçün yeni müttəfiqlər lazımdır. Ərdoğan Ankara-Tehran-Moskva üçbucağı təklif edir. Lakin Ərdoğan da anlayır ki, nə Rusiya, nə də ki İranla uzunmüddətli əməkdaşlıq edə bilər. Hər üç ölkə regional gücdür və onların maraqları toqquşur. Bu baxımdan, Ukrayna cəlbedici rəqibdir, ona görə də Ankara Kiyevlə əməkdaşlığa can atır. Lakin bu məsələdə Rusiyanı qıcıqlandırmaq istəmir”. Analitik vurğulayıb ki, əslində, Tehran səfərindən sonra Ərdoğanın Ukrayna kimi bir ölkəyə səfəri anlaşılandır: "Ankara manevr siyasətini davam etdirir və anlayır ki, yalnız Rusiya ilə əməkdaşlığa bel bağlaya bilməz. Bu müstəvidə Kiyevlə əlaqələri inkişaf etdirmək niyyətindədir. Nə qədər ki, Türkiyə Rusiyanın Ukraynadakı maraqlarına ciddi zərbə vurmur, Kreml buna seyrçi qalacaq”.

İsmayıl