Ərdoğanla Baxçalı arasında görüş keçiriləcək- Növbədənkənar seçkilərin müzakirəsi

"Ola bilər, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı növbədənkənar seçki keçirilməsi ilə bağlı açıqlamasını müttəfiqi Ədalət və İnkişaf Partiyası (AKP) ilə razılaşdırıb”.
Bu barədə "Sherg.az”a Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifinə münasibət bildirərkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib. 
O bildirib ki, iki müttəfiqlər arasında razılığın olmaması ehtimalı da var:
"Sabah Dövlət Baxçalı ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilməlidir. Görünür, Dövlət Baxçalı növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıdır. Ehtimal var ki, Meral Akşener müəyyən qədər nüfuz qazanıb və partiyasının seçkilərdə qalib gəlmə şansı artıb. 
Ona görə, D.Baxçalı vəziyyətin daha da pisləşməsini gözləmədən seçkilərə getmək istəyir ki, olan, qalan səsini də itirməsin.
Sabahkı görüşdən sonra durumun necə dəyişəcəyini bilməcəyik”.
Qeyd edək ki, MHP sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib. Prezident üsul-idarəsinin hələ tam tətbiq olunmadığını söyləyən D. Baxçalı hazırda Türkiyənin xarici qüvvələrin təhdidi altında olduğunu bildirib.
Aysel Aslan