Ərdoğanla Netanyahu "söz güləşdirdi": "Ey Netanyahu, sən ...!" - "Le Figaro" yazır




Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Adanada tərəfdarlarının qarşısında çıxışı zamanı İsrailin baş naziri Benyamin Netanyahunu terrorçu adlandırıb.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, R.T.Ərdoğanın bu sərt çıxışına Türkiyə liderinin ötən həftənin cümə günü Qəza və İsrail arasında baş verən və çoxsaylı insan tələfatına gətirib çıxaran qanlı toqquşma ilə bağlı İsrailə keçdiyi "mənəviyyat dərsi"nin Netanyahu tərəfindən rədd edilməsi səbəb olub.

Netanyahunu qeyri insani davranışlarda ittiham edən R.T.Ərdoğan onu işğalçılıqda qınayıb:

"Ey Netanyahu, sən işğalçısan, terrorçusan. Sənin fələstinlilərə verdiyin işgəncələr, dünya tarixinin səhifələrinə pis örnək kimi həkk olunur. Biz bu amansızlıqları heç zaman unutmayacağıq. Hətta sənin bu əməllərindən İsrail xalqı da narahatlıq keçirir. Amma Türkiyənin hansısa ölkənin ərazisini işğal etməsinə dair bir fakt belə söyləyə bilməzsən".

B.Netanyahunun da ittiham dolu cavabı gecikməyib.

O vurğulayıb ki, illərdir sivil vətəndaşları bombardman edən bir ölkə başçısının kiməsə "mənəviyyat dərsi "keçməsi qəbuledilməzdir.

Tərcümə etdi: Ayyət ƏHMƏD