Ermənistan cəbhədə niyə təxribata əl atdı? - EKSPERT RƏYİ




"İki gün öncə Ermənistan prezidenti Serj Sərkisyan Rusiysanın Sankt -Peterburq şəhərinə etdiyi səfərdən əli boş qayıtdı. Çünki Müstəqil Dövlətlər Birliyində  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına böyük ümidlər bəsləyən işğalçı ölkə istəyinə nail ola bilmədi".

 Bu barədə Sherg.az-a bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələri kəşfiyyat qrupunun Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərməsinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov bildirib. 

Onun sözlərinə görə, həmin tədbirdə Ermənistanın nümayəndəsi baş katib seçilməli idi, lakin seçilmədi:

" Artıq iki gündür ki, təcavüzkar ölkə mətbuatı davamlı şəkildə Rusiya, Qazaxıstan və Belarusu Azərbaycanın tərəfdarı olan qrup kimi təqdim edir".

Bundan əlavə ekspert bəyan edib ki, separatçı ölkənin ATƏT qarşısında da qeyri-rəsmi olaraq öhdəliyi var:

"Ohdəlik də budur ki, cəbhə bölgəsində vəziyyəti gərginləşdirsinlər və 2016-cı ilin sonunda nəyin bahasına olursa olsun Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirsinlər. Bu məsələ də həllini tapmadığına görə, ermənilər birbaşa təxribata əl atdılar. Bu gözlənilən idi. Mövqelərimizə hücum edən zaman Azərbaycan əsgərinin sayıqlığı və qəhrəmanlığı nəticəsində ağır itki veriblər".

Ü. Cəfərov bir məqamı da qeyd edib ki, Ermənistanın "Atəşkəsi Azərbaycan pozur" kimi yalanını ifşa etmək Azərbaycanın əlinə yaxşı şans düşüb:

" Hücum edən Ermənistan diversiya qrupu olub. Azərbaycan əsgərləri də düşməni məhv edib. Hərbinin qaydalarına görə də, hücum edən tərəf daha çox itki verir. Ermənistan da ağır itkilər verib. Sadəcə bunu gizlətməyə çalışır".

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Müdafiə Nazirliyinin verilən məlumata görə, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Ayyət