Onlar “İsgəndər” raketlərinin nümayişi ilə bu boşluğu doldurmaq istəyir
"Turan” informasiya agentliyinin direktoru, politoloq Mehman Əliyev "Şərq”ə Qafqazda gedən silahlanma prosesindən danışıb. O qeyd edib ki, silahlanma prosesi Azərbaycan və Ermənistanda da gedib. Lakin Azərbaycan daha çox güclənib. Ekspertin sözlərinə görə, bu, yeni bir hal deyil:
"Əslində silahlanma 2000-ci ilin ortalarından başlayıb. Bu da onunla bağlı idi ki, Azərbaycanın neftdən gələn gəlirləri artırdı. Və ordumuzun büdcəsi 3 milyarda gəlib çatmışdı. İndi azalıb 1 milyarda düşüb. Ona görə də vaxtı ilə orduya, silaha daha çox vəsait xərcləyirdik, nəinki indi. Bu, real vəziyyətdir. 3 günlük aprel savaşı onu göstərdi ki, kifayət qədər müasir silahlar almışıq. Bu proses davam edir. Amma dəməzdim ki, məlum məsələlər sürətlənir və ya çoxalır. Sadəcə olaraq, öz qaydasında davam edir. Hətta deyərdim ki, indi silahlanma bir az azalıb. Ermənistanın vəsaiti onsuz da yox idi. Azərbaycanın isə vəsaiti nisbətən azalıb. Bu mənada, belə vəziyyətdə silahlanmanı sürətləndirmək mümkün deyil”.
M.Əliyev Ermənistan tərəfinin "İsgəndər " raketlərini nümayiş etdirməklə Azərbaycana psixoloji təzyiq göstərməsi niyyətlərindən də söz açıb: "Aprel döyüşlərindən sonra Ermənistan gördü ki, hərbi silah və sursat, keyfiyyət baxımından Azərbaycana uduzub. Ermənistan bunu dərk edib. İndiki addımları isə tarazlaşdırmaq xarakteri daşıyır. Yəni öz cəmiyyətlərinə deyirlər ki, baxın, bizdə də bu silah var. Amma bu, Azərbaycan tərəfini də adekvat silahlanma prosesi aparmağa məcbur edəcək. Hətta məlumata görə, Bakı Pakistan və digər ölkələrlə danışıqlar aparır. Hesab edirəm ki, Ermənistanın "İsgəndər” raketini nümayiş etdirməsi tarazlaşma işinə hesablanıb. Həm də Ermənistan cəmiyyətində ruh yüksəkliyi yaratmaq istəyirlər. Aprel savaşından sonra Ermənistan cəmiyyətində pessimizm yaranmışdı. Bu pessimizmi aradan qaldırmaq üçün "İsgəndər” raketini parada çıxarıb, xalqa nümayiş etdirdilər. Əslində belə addımlar ona gətirib çıxarır ki, qarşı tərəf də silahlanmağa başlayır. Ən axırıncı mərhələdə də savaş baş verir. Dünyada müasir silahların yeni növləri peyda olur. Və silah alveri ilə məşğul olan ölkələr də bu prosesə qoşulur. Çünki onlar silah satıb, qazanc əldə edirlər. Bu yarışda onlar da maraqlıdır”. Ekspertin fikrincə, Ermənistanın Rusiyadan belə bahalı silahlar alması üçün kifayət qədər vəsaiti yoxdur: "Sadəcə, Moskva ötən il onlara kreditlə 225 milyonluq silah vermişdi. Azərbaycan isə Rusiyadan yüksək qiymətə silah alır. Moskva həmin vəsait hesabına Azərbaycanı da, Ermənistanı da silahlandırır. Yəni bizdən alınan pulun müəyyən hissəsi Ermənistana verilən silahlara yönəldilir”.
Ayyət Əhməd