Ermənistan yeritdiyi aqressiv siyasətdə tək deyil

Prezident çıxışında aşkar formada söylədi ki, bağlı qapılar arxasında Azərbaycana təzyiqlər edilir




"Dağlıq Qarabağ məsələsinin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, digəri silah verir, başqaları lobbi yaradır, təbliğ edir”. Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında deyib. Prezident bildirib ki, Azərbaycan ikili standartlarla üzləşib və bu məsələnin həll olunmaması BMT-yə şərəf gətirmir:

"BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə 20 ildən çoxdur ki, icra edilmir. ATƏT-in Minsk Qrupunun həmsədri ABŞ tərəfindən təəccüb doğuran bəyanatlar səslənir. Belə bəyanatlar ABŞ, Rusiya və Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri "status-kvo qəbuledilməzdir” tezisinə ziddir: "Hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, vasitəçilik missiyası şübhə altına düşə bilər”. Prezidentin iradlarına münasibət bildirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, Nazirlər Kabinetinin son iclasında ölkə Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. Deputatın sözlərinə görə, Prezident çıxışında bir sıra mühüm mətləblərə təmas edib: "Prezident çıxışı zamanı ABŞ-ın dövlət katibi Con Kerrinin sonuncu qərəzli bəyanatına toxundu və qeyd etdi ki, həmin bəyanat əslində ermənilərin maraqlarına xidmət edir. Həmsədr dövlətlərin rəhbərlikləri səviyyəsində dəfələrlə bəyan olunub ki, indiki status-kvonun saxlanması qəbuledilməzdir. Belə bir məqamda Kerri iddia edir ki, münaqişənin həlli tərəflərin üzərinə düşür, amma liderlər buna hazır deyil. O, bununla işğala məruz qalan dövlətlə işğalçı arasında bərabərlik işarəsi qoyur. Bu, kökündən yanlış siyasətdir və birbaşa Ermənistanın mövqeyini müdafiə edən bir bəyanatdır. Dövlət başçısı bunu açıq şəkildə bəyan etdi. O cümlədən, Prezident çıxışında aşkar formada söylədi ki, bağlı qapılar arxasında Azərbaycana təzyiqlər edilir. Müəyyən qüvvələr istəyirlər ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana güzəştə getsin. Ona görə də Prezident diqqətə çatdırdı ki, Ermənistan yeritdiyi aqressiv siyasətdə təkbaşına deyil. Düşmən ölkəni himayə edən çox güclü qruplar var. Onların hər biri Ermənistanı fərqli şeylərlə təmin edirlər, dəstəkləyirlər”.

Millət vəkilinə görə, cənab Prezidentin çıxışından hasil olan əsas qənaət odur ki, indiyə qədər münaqişənin həll olunmamasına görə, birbaşa məsuliyyəti Ermənistan daşıyırsa, dolayısı məsuliyyəti də düşmənə silah-sursat, pul verən, lobbiçilik dəstəyi göstərən xarici dövlətlər daşıyır: "Əsas məsələ budur, həqiqət bundan ibarətdir. Ölkə müxalifətinin anti-Azərbaycan dairələrin tərəfində dayanmağının əsas səbəbi də iqtidarın Dağlıq Qarabağ münaqişəsinin həllində heç vaxt güzəştə getməyəcəyi reallığıdır. Hökumətin prinsipial mövqeyi var. Bu da ondan ibarətdir ki, Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycan ərazisidir. Həmin əraziyə yalnız Azərbaycan tərkibində ən yüksək muxtariyyət verilə bilər. Belə qətiyyətli mövqe bəzi beynəlxalq siyasi dairələri qane etmir. Onlar Azərbaycan iqtidarını hədəfə alırlar və təzyiq göstərməyə çalışırlar. Eyni zamanda ölkəmizdəki "5-ci kalon” vasitəsi ilə milli satqınlardan istifadə edərək dövlətimizə qarşı addımlar atırlar, Qarabağı bizdən qoparmağa çalışırlar”. E.Nəsirov bildirib ki, mövcud reallıq fonunda xalqın və hakimiyyətin birliyi əvvəlkindən daha güclü olmalıdır: "Məhz dövlət-xalq birliyinə görə, Azərbaycana qarşı olan dövlətlər öz xəbis niyyətlərinə nail ola bilmirlər. Deməli, bu monolit birliyi daha da gücləndirmək lazımdır ki, məkirli dairələrin bütün arzuları ürəklərində qalsın. Xalqımız əmin olmalıdır ki, müəyyən siyasi dairələrin Azərbaycanla bağlı gündəmə gətirdikləri "müsbət” mövqelərin hamısı saxtadır.

Əslində onları maraqlandıran Azərbaycanda sabitliyin pozulması və bu fonda Dağlıq Qarabağın Azərbaycandan qoparılmasıdır. Bu həqiqəti cənab Prezident bütün çılpaqlığı ilə ortaya qoydu. Nəticə etibarı ilə biz əvvəlkindən daha güclü olmalı və birliyimizi, bərabərliyimizi qorumalıyıq”.

İsmayıl