Qorxuya düşən hakimiyyət cəbhədə vəziyyəti gərginləşdirməklə bunu önləmək istəyir
Cəbhədə vəziyyət yenə gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Ekspertlər yaranmış vəziyyəti müxtəlif amillərlə izah edirlər. Xüsusən də, Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini daxildəki narazılıqlardan cəbhədə yönəltməyə çalışdıqlarını iddia edirlər.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli də ermənilərin təxribatları artırmasının son günlər Ermənistanda cərəyan edən hadisələrlə bağlı olduğunu deyib.
Artıq cəbhədə atəşkəsin ermənilər tərəfindən pozulmasının adi hala çevrildiyini qeyd edən ekspert hesab edir ki, bəzən isə bu daha intensiv xarakter alır. Düzdür, son illərdə ilk dəfə cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının 2016-cı ilin aprel döyüşlərindən sonra minimum səviyyəyə endiyini müşahidə etdik. Həmin vaxtlar gün ərzində 15-20 dəfə erməni əsgərləri tərəfindən atəşkəs rejiminin pozulması halları müşahidə olunurdu. Lakin 2018-ci ilin son 3-4 ayı ərzində isə cəbhə xəttində yenidən aktivləşmə hiss olunur, atəşkəs rejiminin pozulması bir neçə dəfə artıb.
R.Məmmədlinin sözlərinə görə, atəşkəs rejiminin pozulması Ermənistandakı daxili auditoriyaya hesablanıb. Daxili intriqalardan qorxuya düşən Ermənistan yenə cəbhədə vəziyyəti gərginləşdirir. Ermənistan siyasi, hərbi rəhbərliyi ictimaiyyətin fikrini cəmiyyətdə baş qaldırmış narazıçılıqdan yayındırmağa cəhd edir. Ermənilər bilərəkdən cəbhənin müxtəlif istiqamətlərində təxribat törədirlər ki, əhalinin diqqəti ictimai-siyasi durumdan yayınsın:
"Bilirsiniz ki, Ermənistanda siyasi durum çox gərgindir. Ölkə ictimaiyyətinin böyük hissəsi Serj Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsini istəmir və buna qarşı olduqlarını fasiləsiz keçirdikləri aksiyalarla bəyan edirlər. Son vaxtlar biz narazılıqların səngimədiyinin və getdikcə daha da artmaqda olduğunu müşahidə edirik. Şübhəsiz ki, ölkədəki gərginlik digər bütün qurumlar kimi orduya sirayət edir. Hərbi qurumda birbaşa Sarkisyanın maraqlarını müdafiə edən qüvvələr məqsədli şəkildə cəbhədə stabilliyi pozmaqla cəmiyyətin diqqətini Qarabağa yönəltmək istəyirlər. Beləcə, Sarkisyanın çox rahatlıqla manevr işlədib baş nazir postuna gəlməsinə şərait yaradırlar”.
Ekspertin fikrincə, cəbhə xəttində atəşkəsin pozulmasının getdikcə artması heç də yaxşı hal deyil. Bu həmçinin Ermənistanın danışıqlar prosesində sülh tərəfdarı olmamasının göstəricisidir. Sarkisyan prosesdən yayınmaqla status-kvonun saxlanılmasında maraqlı olduğunu bir daha sübut edir.
Şəymən