"Ermənistanda vəziyyət çox ağırdır" - Köçüb gedirlər

"Ermənistanın hakimiyət nümayəndələri qanunsuz şəkildə Dağlıq Qarabağa gedib-gəlməklə oradakı insanlara stimul verədiklərini düşünür”.
Bunu "Sherg.az”a Nipol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri haqqında danışarkən sabiq millət vəkili Həvva Məmmədova söyləyib.
Onun qənaətincə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir:
"Çox zaman Ermənilər ərazilərimizə qanunsuz səfərlər edirlər. Lakin həmin ərazilər Azərbaycanın torpaqlarıdır. Bəlkə də, onlar ora gedib- gəlməklə elə bilirlər ki, oradakı ermənilər üçün hər hansısa bir stimul yaradırlar. Amma Dağlıq Qarabağda yaşayan insanlar hazırda oradan köçüb, başqa yerlərə gedirlər. Çünki həmin ərazilərdə eyni zamanda Ermənistanın özündə vəziyyət çox ağırdır. İnsanların yaşaması üçün normal şərait yoxdur. 
Hər zaman Qarabağ ermənilərinə boş-boş vədlər verirlər. Lakin nə Ermənistanda, nə də Dağlıq Qarabağda həmin insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əsaslı addımlar atılır. Qarabağ erməniləri azərbaycanlıların həmin ərazilərə gəlməsini, onlarla birlikdə yaşamasını istəyir. Amma Ermənistan rəsmiləri buna qarşı çıxır. Onlar qanunsuz şəkildə Azərbaycan torpaqlarına səfər edib, Dağlıq Qarabağda yaşayan insanlara dəstək olduqlarını göstərmək istəyirlər. Amma səfalət içərisində, müharibə şəraitində yaşayan insanlar üçün həmin səfərlərin nə əhəmiyyəti, nə də nəticəsi var”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın bir müddət əvvəl bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini şərh edib. Rusiya XİN-dən bildiriblər. Bu aksiyanın təşkilatçıları RF Xarici İşlər Nazirliyinə müraciət etməyiblər, ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir
Kənan Eynuroğlu