"Ermənistanın da təmsil olunduğu KTMT üzvləri Azərbaycana simpatiyasını gizlətmir"

Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev aprel döyüşlərinin önəminə toxunub və bu əməliyyatların böyük hərbi qələbə kimi dəyərləndirib. Prezident deyib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub: "O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".
Politoloqlar da o fikirdədir ki, Azərbaycanın aprel döyüşlərində Ermənistan üzərində əzici üstünlük qazanması, regionda hərbi balansı öz xeyrinə dəyişərək, torpaqlarını güc yolu ilə qaytarılmasını daima gündəlikdə saxlaması işğalçı rejimi ciddi şəkildə narahat edir. Cənubi Qafqazda Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Ermənistanın getdikcə siyasi-iqtisadi geriliyi ölkəmizin işğalçılar üzərində həm diplomatik, həm də hərbi üstünlüyünü şərtləndirir
Politoloq Vasif Əfəndiyev də "Sherg.az"a açıqlamasında 2016-cı ildə baş tutan hərbi əməliyyatların öz bəhrəsini verməkdə olduğunu deyib: 
"Aprel döyüşlərindən sonra Qarabağ cəbhəsində Azərbaycan silahlı qüvvələrinin daha bir neçə uğurlu əməliyyatları oldu. Əməliyyatın səbəbi və nəticələri barədə regionda marağı olan dövlətlərin rəsmilərinin və siyasi texnoloqlarının fərqli mövqe və şərhlər verməsinə baxmayaraq Azərbaycan kifayət qədər dayanıqlı və qərarlı görünür. 
Təbii ki, bu inam hərbi potensialımıza və illərlə formalaşaraq artan nüfuzun nəticəsidir. Əgər Azərbaycan bir neçə il öncə hərbi əməliyyatlara başalmaq niyyətini ortaya qoyduqda nüfuzlu beynəlxalq təşkilatlar və böyük siyasi güclər münaqişəni dərhal və qeyd-şərtsiz dayandırmağı tələb edilərdisə, artıq bu gün bu Azərbaycanın haqq işini dəstəklədikləri barədə bəyanatlar verirlər. Bir çox nüfuzlu təşkilatlar və dövlətlər bəyanatlar verərək Qarabağın işğaldan azad olunması tələbi ilə çıxış edirlər. 
Avropa Şurası parlament assambleyasının indiyə qədər bir neçə dəfə Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, BMT təhlükəsizlik şurasının qətnamələrininin icra olubnması, işğal olunmuş ərazilərimizin rayonun qeyd şərtsiz azad olunması barədə dəfələrlə bəyanatlar verməsi artan nüfuzumuzun göstəricisidir. Türkiyə və nüvə dövləti olan Pakistan birmənalı şəkildə Azərbaycanın yanında olduqlarını bəyan ediblər. 
Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Təşkilatı üzvləri olan dövlətlər də artıq Azərbaycana simpatiyasını gizlətmir. Belarus prezidentinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasını dilə gətirməsi ölkəmizin nüfuzunun nəinki Avropada eləcə də Qarabağı de fakto işğal edən Rusiyanın dominanatlıq etdiyi MDB ölkələri arasında artdığını görürük. 
Qarabağ cəbhəsində silahlı qüvvələrimizin müvəffəqiyyətli əməliyyatları danışıqların yeni fazaya keçməsinə səbəb olub. Güman edirəm ki, Madrid prinsiplərinin yenidən gündəmə gəlməsinin zamanıdır. Bu prinsip tərəflərə təqdim olunan zaman hətta Ermənistan tərəfi də bəyənmişdi. Lakin sonradan Rusiyanın təzyiqi ilə bu danışıqlar dayandırıldı və Ermənistan bütünlüklə bu formatdan imtina etdi. Bu günlərdə isə ATƏT- in Minsk qrupunun da fəallaşcağını görəcəyik. Hesab edirəm ki, Azərbaycan son illərin ən uğurlu hərbi-siyasi gedişini etmişdir”.
Şəymən