Dünya Qarabağın Azərbaycanın haqq işi olduğunu görməyə başlayıb
İşğalçı Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi bu gün də davam etməkdədir. Rəsmi İrəvan qondarma rejimin işlərinə qarışmadığını iddia etsə də, hər vasitə ilə separatçıları dəstəklədiyi göz önündədir. Lakin artıq dünya ictimaiyyətinin təcavüzkar Ermənistana qarşı mövqeyi dəyişməkdədir. Son zamanlar ermənilər onlara uzun müddət dəstək vermiş aparıcı dövlətlərin himayəsindən məhrum olmaqdadır. Artıq bütün dünyaya "biz işğalçı deyilik” təbliğatını aparan Ermənistana inam azalıb.
Azərbaycan Prezidendi İlham Əliyevin əzmli və prinsipial siyasətinin nəticəsi olaraq Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləməyə başlayıb. Son dönəmlər beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisi sayılmalıdır. İctimaiyyət nümayəndələri, siyasi ekspertlər də hesab edirlər ki, Azərbaycanın ədalətli mövqeyinin və haqlı yanaşmasının dünya ictimaiyyəti tərəfindən tanınması ölkə başçısı İlham Əliyevin ardıcıl xarici siyasətinin nəticəsi, düşünülmüş taktiki gedişlərin göstəricisidir.
Bu barədə "Şərq”ə danışan siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, doğrudan da münaqişə və ümumilikdə ermənilərin əsl simalarının dünyaya tanıdılması ilə bağlı çox mühüm addımlar atılmaqdadır. Politoloqun fikrincə, əgər əvvəllər ermənilərin təqdim etdikləri yazıq obrazı dünya dövlətlərinin bir çoxu tərəfindən qəbul olunurdusa, müəyyən vaxtdan sonra bu obrazın tamamilə cəfəngiyyat olduğu üzə çıxdı:
"Ermənilərin əslində hansı yuvanın quşu olduqları az zamanda bəlli oldu. Beynəlxalq təşkilatlar və bir çox aparıcı dövlətlər münaqişədə Azərbaycanın haqlı mövqeyini tanıdılar və müdafiə etdilər. Ancaq təəssüflər olsun ki, beynəlxalq siyasi proseslərdə sadəcə hüquqa arxalanmaq kifayət etmir. Rəsmi Bakının dünya ictimaiyyətindən, ələlxüsus da ATƏT-in Minsk Qrupunun həmsədrlərindən konkret tələbi var. İkili standartlara birdəfəlik son verilməlidir. Çünki vaxt gələcək ikili yanaşmalar elə həmin ölkələrin özlərinə ziyan vuracaq”.
Analitikə görə, Azərbaycan tərəfi səbrlə beynəlxalq ictimaiyyətin münaqişənin həllinə dair konkret addımlar atmasını gözləyir: "Azərbaycan ötən illər ərzində güclü ordu qurub və müxtəlif ölkələrlə dostluq əlaqələri yaradıb. Ermənistandakı parlament seçkilərindən sonra Paşinyan ya qəti rasional addımlar atacaq, ya da biz diplomatik üsullarla yanaşı digər variantlara da əl atmaq məcburiyyətində qalacağıq. Digər varinat isə güc tətbiq etməklə torpaqlarımızı azad etməkdir”.
İsmayıl