Ermənistanla Rusiya arasındakı hərbi birliyə deputatdan reaksiya: "...Hərbi yol qaçılmaz olarsa... "

Elman Nəsirov: "...Ermənistan ərazisinə deyil, məhz işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı təmin edəcəyik"


"Rusiya və Ermənistanın birgə hərbi birlik yaratması gözlənilən idi”.

Bunu "Sherg.az”a Ermənistan parlamentinin Rusiya ilə birgə hərbi birliyin yaradılmasına dair müqaviləni ratifikasiya etməsinə münasibət bildirərkən millət vəkili, siyasi elmlər doktoru  Elman Nəsirov deyib. O bildirib ki, Ermənistan müstəqil və suveren dövlət deyil:

"Hesab edirəm ki, böyük britaniyalı ekspertlərin, beyin mərkəzlərinin gəldiyi nəticə tam həqiqəti əks etdirir. Onlar qeyd edirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi Ermənistan üçün əsas problem deyil. Düşmənin əsas problemi ölkənin müstəqilliyinin əlindən getməsi məsələləridir. Bu ölkə öz təhlükəsizliyini başqa bir dövlətin silahlı qüvvələri hesabına həll edir. Hətta öz silahlı qüvvələri üzərindəki hüquqlarından imtina edib, bu səlahiyyəti başqa dövlətə verir. Belə halda Ermənistan həqiqətən bir quberniyaya çevrilmiş olur. Beynəlxalq güclər də bu dövlətə etimadsız yanaşırlar”.

Belə hərbi birləşmələrin yaranmasının münaqişənin həllinə mənfi təsir göstərdiyini vurğulayan deputatın sözlərinə görə, Ermənistanda arxayınçılıq sindromu formalaşıb:

"Düşmən hesab edir ki, məlum sazişlər onun xilas yoludur. Lakin bir həqiqət danılmazdır. Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Biz münaqişənin dinc yolla həllinə çalışırıq. Buna baxmayaraq hərbi yol qaçılmaz olarsa, Ermənistan ərazisinə deyil, məhz işğal olunmuş torpaqlarımız, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı təmin edəcəyik. Bu yola əl atmağa məcbur qala bilərik. Belə halda nə Rusiya ilə imzalanmış hərbi müqavilə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu məsələyə müdaxiləsinə hüquqi əsas olur.

Hesab edirəm ki, ermənilərin sazişi ratifikasiya etməsi Dağlıq Qarabağ ətrafındakı 7 rayonu daimi nəzarətdə saxlamaq planlarını təmin etməyəcək. Bir gün aprel döyüşlərində olduğu kimi, Azərbaycan ordusu öz sözünü deyib, torpaqlarımızı azad edəcək. Belə hərbi sazişlər Ermənistanı arxayın salmasın”.

Qeyd edək ki, Rusiya 2017-ci ilin iyul ayında müqaviləni təsdiqləyib və daxili prosesləri tamamlayıb.

Aysel Aslan