"Əhalinin gəlirləri inflyasiya səviyyəsinə uyğun artmır. Bu isə o deməkdir ki, növbəti aylarda artıq bazarda tələbatın həcmi azalmağa başlayır”
"Statistik məlumatların keyfiyyəti ilə bağlı şübhələrin olmasında rəqəmlərin hazırlanmasında iştirak edən dövlət orqanlarının rolu az deyil”.
Bunu "Sherg.az”a inflyasiya ilə bağlı açıqlanan statistik rəqəmlərə münasibət bildirərkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu məlumatlar açıqlanarkən real vəziyyətlə uyğunluq təşkil etmədiyinə görə, ictimai qınağa səbəb olur:
"Məsələn, işsizlik hər kəsin gündəlik həyat tərzində hiss etdiyi məsələdir. Lakin ölkədə işsizliyin səviyyəsi 5 faiz açıqlanırsa, bununla bağlı şübhələr yaranır. Çünki ən azından hər kəs bu faizlərin reallığı əks etdirmədiyini görür. Vəziyyət dəyişdiyi halda statistik rəqəmlərin olduğu kimi qalması insanların inamını da azaldır. Oxşar tendensiya inflyasiya göstəricilərinin açıqlanması zamanı da özünü göstərir. 2015-ci ildə ölkədə 4 faiz inflyasiya olması ilə bağlı rəsmi rəqəmlər açıqlandı. Halbuki həmin il inflyasiya səviyyəsi devalvasiyalar səbəbindən daha yüksək idi. Bu, onu deməyə əsas verir ki, statistik rəqəmlərin hazırlanmasında bəzən siyasi elementlər öz əksini tapır. Yaxud hesabatların hazırlanması metodologiyalarına dəyişiklik edilməsinə ehtiyac var.
Ərzaq məhsullarında inflyasiya səviyyəsi digərlərinə nisbətən daha yüksəkdir. Çünki böhran müşahidə edildiyi dövrdə istehlakçılar zəruri məhsulların istehlakına diqqət edirlər. Bu istiqamətdə məcburi xərcləmələr həyata keçirilir. Amma daha az zəruri hesab edilən malların istehlakına az gəlirlər sərf olunur. Gəlirlərin əksəriyyəti ərzaq məhsullarına yönəldilir. Belə olan halda bu sahə ilə məşğul olan şirkətlərin qiymətləri bahalaşdırma imkanları daha yüksəkdir”.
Ekspert vurğulayıb ki, göstəricilərin real rəqəmlərlə üst-üstə düşməsini demək çətindir:
"Çünki bununla bağlı hər hansı təhlillərin aparılmasına, monitorinqlərin həyata keçirilməsinə əsas var. Amma bir sıra məhsullar var ki, onlarda qiymət artımı il ərzində 30-35 faizdən yüksəkdir. Amma bəzi məhsullarda daha az ola bilər”.
"Gələcəkdə qiymətlər bahalaşa bilərmi ?"sualına gəlincə, R.Həsənov 2018-ci ildə nisbətən inflyasiya səviyyəsinin aşağı düşəcəyini vurğulayıb:
"İstehlak məhsullarının indeksində həm istehsala, həm də istehlakçının özündə qiymət artımları 2017-ci illə müqayisədə nisbətən aşağı səviyyəli olacaq.
Hökumət məzənnə ilə bağlı siyasətinə dəyişiklik etməsə, növbəti ildə bazarda müəyyən qədər tarazlaşmanı şərtləndirəcək. Bundan başqa bazarın doyması və əhalinin istehlak gücü məsələsi var. Bu gün müşahidə edirik ki, əhalinin gəlirləri inflyasiya səviyyəsinə uyğun artmır. Bu isə o deməkdir ki, növbəti aylarda artıq bazarda tələbatın həcmi azalmağa başlayır”.
Süni qiymət artımı məsələsinə toxunan iqtisadçı bildirib ki, bu, doğru yanaşma deyil:
"Çünki bazar iqtisadiyyatında bu cür ifadələrin səslənməsi bazar iqtisadiyyatının tam təmin olunmamasından xəbər verir. Yaxud bu ifadələri səsləndirənlər bazarın mahiyyətini tam qavraya bilmirlər. Bazar liberaldırsa, istənilən qiymət artımı son nəticədə o istiqamətdə təklifi artıran faktor olaraq çıxış edir. Təklifin artması bazarlarda qiymətin tarazlaşmasını şərtləndirir. Liberal bazarlarda isə qiymətlər minimum həddə özünü büruzə verir. Bu bazarlarda iştirakçılar istənilən formada zərər həddinə qədər qiymətləri tənzimləyə bilirlər. Az mənfəət götürsələr də, fəaliyyəti davam etdirirlər.
Hansı bazarda ki, inhisarçılıq meylləri yüksəkdir, bazar liberal deyil, burada süni qiymətlərin artımından söhbət gedə bilər. Bu qiymətləri artıranlar əksərən inhisar mövqeyində olan şirkətlərdir. Bununla paralel olaraq, kiçik müəssisələr, bazarın kiçik iştirakçıları qoşularaq, prosesi daha da dərinləşdirir. Amma əsas qaynaq məhz inhisarçılıqdır”.
Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.
Aysel Aslan