Ərzaq təhlükəsizliyinə dair texnoloji yeniliyin effekti olacaqmı ? - AÇIQLAMA

Ölkəmizdə ərzaq təhlükəsizliyinin müəyyən edilməsi ilə bağlı texnoloji yenilik tətbiq olunur. "Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov bildirib ki, ərzaq məhsullarının keyfiyyətinin monitorinqi üçün mobil proqram işə salınıb. Bu proqram vasitəsilə əhali ərzaqların keyfiyyətinə dair məlumat əldə edə biləcək.
"TUT” mobil proqramı Azərbaycan Ərzaq Təhlükəsizliyi Agentliyinin təşəbbüsüdür, "Neuron Technologies” isə mobil distributivin müəllifidir. "TUT” proqramı "Android” və "İOS” əməliyyat sistemləri ilə işləyən mobil qurğularda tam funksionaldır.
İ.Ələkbərovun sözlərinə görə, proqram vasitəsi ilə maarifləndirmə işi aparılır, agentliyin fəaliyyəti, qida rasionunda istifadəsi məsləhət görülməyən məhsullar və s. barədə bildirişlər göndərilir: "Bundan başqa, istifadəçilər agentliyi marketlərdə xarab olmuş və ya müddəti keçmiş məhsulların şəklini çəkib göndərməklə xəbərdar edə bilər. Müraciət dərhal sistemə daxil olur və bununla bağlı zəruri tədbirlər həyata keçirilir”.
Yeni sistemin nə dərəcədə effektiv olacağı ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, belə proqramlar bir çox dövlət nəzarət orqanlarının sahəsi üzrə hazırlanır. Ekspert yeni sistemin geniş əhali kütləsinin maraq dairəsində olacağını düşünür. Onun sözlərinə görə, sistemin effektiv olması üçün bəzi məsələlər nəzərə alınmalıdır:
"Həqiqətən də ərzaq məhsullarının keyfiyyəti ilə bağlı lazımlı və dəqiq məlumatlar sistemdə əks olunmalıdır. Əsas göstərici odur ki, proqramda məlumatlar yerləşdirildikdə hansısa labaratoriya, ya da araşdırma qurumlarının məlumatı sağlam olsun. Yəni, sadəcə məlumat xatirinə vətəndaşlara informasiya veriləcəksə və bu informasiya özünü doğrultmayacaqsa, sistem effektiv ola bilməz. 
Məsələn, ərzaq məhsullarının keyfiyyəti ilə bağlı məlumatı sistemə yerləşdirəndə hansısa yolla müdaxilələr olarsa, təbii ki, bu proqram əhalinin rəğbətini qazana bilməyəcək və aktuallığını itirəcək. Yox əgər vətəndaşlar istədiyi məlumatı dolğun şəkildə ala biləcəksə, sistem müsbət nəticələr verə bilər. Bu isə vətəndaşların rahatlığını, maariflənərək informasiya texnologiyalarından istifadəsini artıracaq.
Bildiyiniz kimi, son zamanlar vətəndaşlar evdən çıxmayaraq elektron vasitələrlə istənilən kommunal xərcləri, cərimələri ödəyə bilirlər. Hətta əhalinin bir hissəsi alış-verişi də onlayn rejimdə aparır. Yəni ki, bu, bizim üçün yad proses deyil. Məncə, yeni sistem də davamlı olaraq işləyəcək, lakin yuxarıdakı şərtlər mütləq nəzərə alınmalıdır”.
Yeganə Bayramova