Əsl təhsil işçisi vəzifəyə gətirilib

Ekspertlər Məhəbbət Vəliyevanın nazir müavini təyin olunmasını alqışladılar




Psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini təyin olunub. Qeyd edək ki, uzun müddət təhsil sahəsində çalışan M.Vəliyeva 2014-cü ildən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Keçmiş təhsil naziri Mikayıl Cabbarovun 28 dekabr 2015-ci il tarixli əmrinə əsasən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Yeni təyinatla bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil ekspertləri M.Vəliyevanın nazir müavini vəzifəsinə təyin edilməsini müsbət qiymətləndiriblər.

Təhsil üzrə mütəxəssis Nadir İsrafilovun sözlərinə görə, təhsil sahəsində böyük təcrübəyə malik biri kimi Məhəbbət xanımın müavin təyin edilməsi təqdirəlayiqdir: 

"Təhsil elə bir sahədir ki, bəzən səhv addımlar atılır, qeyri-peşəkar və ya qeyri-ixtisas kadrlar bu sahədə çalışır. Nazir qeyri-ixtisas sahibi ola bilər, çünki bu, dünya praktikasında da belədir. Amma müəllimlərin pedaqoji təhsilinin olması vacibdir.

Məhəbbət xanım təhsil sahəsinin bütün mərhələlərini keçib. Müəllimlikdən sonra lisey direktoru kimi çalışıb, həmçinin neçə illərdir ki, Bakı şəhəri üzrə təhsil idarəsində vəzifədə olub. Yəni o, Bakı təhsilinə bələd olan biridir. Şübhəsiz ki, respublika təhsilində də onun biliyi təhsilin inkişafına şərait yaradacaq. Məhəbbət xanım təhsilin bütün pillələrindən keçib və bütün problemlərə bələddir, idarəetmənin nə olduğunu bilir.

Bəzən bizdə belə bir fikir yaranır ki, kimsə Harvard, Oksford universitetini bitiribsə onu vəzifəyə qoymaq olar. Lakin bilmirlər ki, respublika təhsilinin öz xüsusiyyətləri var. Respublika təhsili sahəsində çalışan adam gərək idarəetmənin pillələrini keçsin. İdarəetmənin planlaşdırma, təşkiletmə, tənzimləmə, nəzarət və s. kimi funksiyaları var. 

Təhsil nazirinin müavini vəzifəsi boş qalanda bilirdim ki, bu yerə layiqli adam Məhəbbət xanımdır və onu da təyin edəcəklər. Çünki o, nazir C.Bayramovla uzun müddət baş təhsil idarəsində işləyib. Onların ümumi işbirliyi olub, bu mənada kənar adamdansa, Məhəbbət xanımın müavin vəzifəsinə təyin edilməsi daha məqsədəuyğundur”.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov da yeni təyinatı yüksək qiymətləndirib: "2014-cü ildən bəri Təhsil Nazirliyi sistemində rəhbər postda təhsil sahəsində çalışan şəxs təmsil olunmurdu. Nazir, nazir müavini və digər yüksək rütbəli şəxslər təhsil sahəsi üzrə mütəxəssis deyildilər. Onlar təhsil sahəsi üzrə mütəxəssis olmasalar da, bu sistemdə korrupsiyanın qarşısını aldılar, kifayət qədər ciddi islahatlar apardılar. Nazirlik sistemində şəffaflığın təmin edilməsi mümkün oldu. Buna baxmayaraq, həyata keçirilən islahatların təhsil sistemində fayda verməsi üçün bu sistemdən çıxan bir neçə şəxsə ciddi şəkildə ehtiyac var. 

Ona görə də, əsl təhsil işçisinin, məktəb mühitinin içindən gəlmiş, sinifdə dərs demiş, şagirdlərlə və valideynlərlə ünsiyyətdə olmuş, ən əsası da özü məktəb müəllimi olmuş bir kadrın nazir müavini vəzifəsinə təyin olunması alqışa layiqdir. Buna görə də ilk növbədə ölkə prezidentinə təyinatı üçün, sonra isə təhsil nazirinə təqdimatına görə təşəkkür edirəm. Hesab edirəm ki, son illər Təhsil Nazirliyinin rəhbərliyində məhz təhsil işçisinin də olmasının vacibliyini başa düşdülər. Bundan sonra, dünya təhsilini bilən şəxslər də cəlb olunmalıdır.

Düşünürəm ki, Məhəbbət Vəliyeva təhsil işçisi kimi daim müəllimlərin yanında olacaq, onların problemlərinin həllində irəliləyiş əldə olunacaq. Bu gün Azərbaycan müəlliminin vəziyyətindən xəbəri olan şəxslərə yüksək vəzifələrdə ehtiyac var. Bu təyinat da qeyd etdiyim məsələlərin həllində irəliləyiş əldə olunmasına təsir göstərəcək. Çünki Məhəbbət xanım, Bakı şəhəri Təhsil İdarəsinə rəhbərlik etdiyi dövrdə mütəmadi olaraq bu məsələlərin operativ şəkildə həllində maraqlı olub”.

Yeganə Bayramova