"Əslində burada televiziyalardan asılı məqam yoxdur" - İlqar Rəsul
Bunu "Sherg.az”a son günlər televiziyalarda yayımlanan bəzi reklamların ictimaiyyətdə birmənalı qarşılanmamasının səbəblərini izah edərkən jurnalist İlqar Rəsul deyib.
O bildirib ki, televiziyalar hər hansı reklamı yayımladıqda, hara qədər getmək mümkündürsə, şişirdirlər:
"Onsuz da televiziyaların da marağındadır ki, cəlbedici reklamlar yayımlansın. Hansı məhsulun təbliğatından söhbət gedirsə, mümkün qədər cəmiyyətin diqqətini cəlb edəcək reklamlar çəkirlər. Ona görə, əslində burada televiziyalardan asılı məqam yoxdur.
Reklam çarxını hazırlayanlar mənəvi məsuliyyətlərini, mental dəyərlərini, cəmiyyətin xüsusiyyətlərini nəzərə almalıdır. Bütün bunları tənzimləyən tək qanunvericilik bazası deyil, televiziyaların fəaliyyətinə nəzarət edən qurum – Milli Televiziya və Radio Şurasıdır (MTRŞ). Dəfələrlə şahid olmuşuq ki, bu qurum hansısa məsələlərə müdaxilə edib. Lakin müdaxilənin özündə də müəyyən fikir ayrılıqları olub ki, niyə başqa məsələlərdə mövqe bildirilmir.
Reklamın necə çəkilməsindən asılı olmayaraq, MTRŞ bu işin üzərinə əl qoyana qədər televiziyaların belə istiqamətdə davam edəcək. Bu mənada məsələnin tənzimlənməsi üçün daha çox MTRŞ-nın üzərinə məsuliyyət düşür”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa da Azərbaycanda çəkilib televiziya və radiolarda yayımlanan bir reklama etiraz edib.
Etirazı bu linkdən oxuyun
https://www.sherg.az/xəbər/37362/
Aysel Aslan