Yeni dərs ilinin başlanılmasına sayılı günlər qalıb. Məhz ona görə də övladını məktəbə yola salacaq ailələr hazırlıq görməkdədirlər. Bu münasibətlə paytaxtda metro stansiyaları yaxınlığında məktəb ləvazimastlarının satışını həyata keçirən yarmarkalar təşkil olunub. Biz də "Sherg.az” olaraq məktəb ləvazimatlarının qiyməti ilə bağlı bəzi valideynlərin sosial şəbəkələrdəki narazılıqlarını nəzərə alaraq, bir sıra yarmarkalara baş çəkdik.
Satıcı: "Bu il bütün ləvazimatların qiyməti bahalaşıb"
Elə ilk olaraq metronun Əhmədli stansiyası yaxınlığında yerləşən yarmarkaya yollandıq. Bu yarmarkanın satıcısı Fəriq Şükürlü bildirdi ki, ötən illə müqayisədə bu il bütün ləvazimatların qiyməti bahalaşıb:-Doğrudur, bu artım əhalinin ürəyincə deyil. Amma deyim ki, yarmarkalardakı qiymətlər mağazalardan daha ucuzdur. Ona görə də, valideynlər daha çox yarmarkalara üz tuturlar. Müştərilərin 80 faizi qiymətlərdən narazıdır. Amma bəziləri qiymətlərin sərfəli olduğunu bildirir. Hələ ki əlhalinin alıcılıq qabiliyyəti zəifdir. Yəqin, irəliləyən günlərdə alıcılıq qabiliyyəti artacaq.
3-4 uşağı məktəbə yola salmaq asan deyil
Vaxt tapar-tapmaz bizimlə söhbətə qoşulan digər satıcı Oxan Rüstəmov çoxuşaqlı ailələrər etdikləri güzəştlərdən danışdı:
-Bəzən olur ki, yarmarkamıza çox uşaqlı ailələr yaxınlaşır. Maddi vəziyyəti yaxşı olanlar rahatlıqla istədiklərini alırlar. Elə ailələrə o qədərdə güzəştlər etmirik. Sadəcə, müəyyən qədər kiçik hədiyyələr veririk. Lakin aztəminatlı ailələr övladlarına istədiyi kimi məktəbli vasitələrini ala bilmir. Hətta onların alış-veriş zamanı çətinlik çəkdiyini aydın hiss edirik. Valideynləri də qınamırıq. Indiki dövrdə 3-4 uşağı birdən məktəbə yola salmaq asan deyil. Şagirdlərin məktəbə getməsinə bu kimi vasitələr kifayət etmir. Onlara geyim də lazım olur.
Bütün bunları nəzərə alanda elə ailələri rahatlıqla başa düşürük. Çalışdığımız qədər onlara köməklik göstəririk. Köməklik deyəndə də müəyyən qədər məhsulları aşağı qiymətə təklif edirik. Hətta bəzi ləvazimatları onlara hədiyyə edirik. Düzdü, o qədər də işlərini rahatlaşdıra bilmirik. Çünki buranı kirayə götürmüşük. Sentyabr ayının 17-ə kimi onun pulunu da hazırlamalıyıq. Sadəcə insanlara gücümüzün çatdığı yardımı göstyəririk .
Kitab, dəftər, qələm, çanta ilə yanaşı, geyim də bahalaşıb
Alıcı Nigar Əhmədova da qiymətlərin artmasından gileyləndi:
- Neynəmək olar ? Məcbur qalıb, alacağıq. Kitab, dəftər, qələm,çanta ilə yanaşı, geyim də bahalaşıb. Allah hər kəsə kömək olsun”.
Çoxuşaqlı ailələrə güzəştlər edirik
Metronun Elmlər stansiyasının yaxınlığındakı yarmarkanın satıcısı Mir Hüseyn alğı-satqının zəif olduğunu vurğuladı:-Bəli, malların qiymətləri əvvəlki illərlə müqayisədə yüksəlib. Bu artımlar biz satıcıları da narahat edir. Amma şəhərin əksər yerlərinə nisbətən yarmarkalarda məktəb ləvazimatlarının qiyməti aşağıdır. Neynəmək olar ki, onsuz bütün məhsulların qiyməti artıb. Əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Bundan əlavə çoxuşaqlı ailələrə güzəştlər edirik. Onlara aldıqları malların qiymətində 20 faizə qədər endirim müəyyənləşdiririk”.
İki aylıq pensiyam nəvələrimə çatmır
Təqaüdçü Məmmədov Namaz ilbəil qiymətlərin bahalaşdığını diqqətə çatdırdı:
-Bu gün nəvəmlə məktəb ləvazimatı almağa gəlmişik. İmkan daxilində müəyyən ləvazimatları aldıq. Hər il demək olar uşaqların bu kimi vasitələrini mən alıram. Ötən il qiymətlər belə deyildi. Əvvəlki illər ümumi ləvazimatlara xərclənən pula indi bir çanta almaq olmur. Aşağı qiymətə olanlar keyfiyyətsiz məhsullardır. Onları da alsaq, ilin ortasında yenə çanta üçün bazara üz tutmalı olcağıq.
Qiyməti bir az yüksək olan mallardan alırıq. Ümumiyyətlə, bu il məktəblilər üçün həm paltarın, həm də ləvazimatların qiyməti yüksəlib. İki aydır, təqaüdümü yığıram ki, nəvələrimə məktəb ləvazimatları alım. Əvvəllər bir aylıq pensiya ilə iki uşağı məktəbə yola salırdıqsa, indi bu, heç cür mümkün deyil. Həmçinin uşaqların özləri də aşağı qiymətə olan ləvazimatları istəmirlər. Neynəsinlər, məktəbdə hər kəs aldıqlarını bir-birinə göstərir.
İstədiyim çantanı almadılar
Alıcı ilə söhbətimizi böyük maraqla dinləyən 6-cı sinif şagirdi Səmədov Nihatın da fikirlərini öyrəndik. O, anasından şikayətləndi:
-11 yaşım var. Bu il altıncı sinifə gedəcəm. Anamla birlikdə mənə və bacıma məktəb ləvazimatları almağa gəlmişik. Bəzi ləvazimatlarımızı almışıq. Digərlərini də atamla alacağıq. Çünki anamdan incimişəm. İstədiyim təkərli çantanı qiyməti baha olduğuna görə, almadı. Dedi ki, həmin çantanın puluna ikinizə də ucuzlardan almaq olar.
Hər il bu vaxt uşaqları məktəbə yola salana qədər dəridən-qabıqdan çıxırıqÜç uşaq anası olan Gülnar Əzizova da qiymətlərin "əl yandırdığını" dedi:
-Uşaqlarıma məktəbli əşyaları almaq üçün yarmarkaya gəlmişəm. Çünki burada qiymətlər sərfəlidir. İri mağazalarda qiymətlər baha olduğu üçün ala bilmirəm. Üç uşağa birlikdə bütün məktəb vasitələrini almaq çətindir. Yolladaşım tikintidə fəhlə işləyir. Mən də evdar qadınam, heç yerdə işləmirəm. Ailənin gündəlik xərclərinin öhdəsindən çətinliklə gəlirik. Hər il bu vaxt uşaqları məktəbə yola salana qədər dəridən-qabıqdan çıxırıq. Çalışdığımız qədər orta keyfiyyətli məhsullar alırıq. Çünki 3 uşağa birlikdə bahalı ləvazimatlar ala bilmirik. İndi uşaqları kefiyyətsiz vasitələrlə məktəbə yollamaq olmur. Bazarın qiymətlərinə gəlincə, deyim ki, həqiqətən çox bahalıqdı. Satıcılar bəzi məhsullarda endirim edir . Digərlərini çətinliklə də olsa, alırıq. Buna məcburuq. Axı bu ayın 17-də məktəblər açılacaq. Gərək uşaqlar hazır olsun.
Hazırladı: Kənan Eynuroğlu