Fəzail İbrahimli: “Vicdanlı bir fransız ölkə konstitusiyası əsasında məsələyə yanaşmada yeni münasibət ortaya qoydu və sübut etdi ki, cəmiyyəti zorla nəyəsə inandırmaq yolverilməzdir”
Fransa Konstitusiya Məhkəməsi 1915 hadisələrinə dair saxta "erməni soyqırımı” qanununu ləğv edib. Qərara əsasən, saxta "soyqırım”ın rədd edilməsinin cinayət sayılması ləğv olunub. Yəni bundan sonra "soyqırım”ı tanımamaq Fransada cinayət hesab edilməyəcək.
Məhkəmənin qərarında vurğulanıb ki, bu qanun, söz azadlığına lazımsız və nisbətsiz bir təcavüzdür. Xatırladaq ki, bu qanunun Fransa parlamentində qəbul olunması Türkiyənin ciddi narazılığına səbəb olmuşdu. Fransadakı türk dərnəklərinin müraciətindən sonra, iş Konstitusiya Məhkəməsinə çıxarılmışdı. Keçmiş prezident Sarkozinin dövründə qəbul edilən qanuna görə, saxta "erməni soyqırımı”nı qəbul etməyən şəxs 1 il müddətinə həbs olunmaqla cəzalandırılırdı. Lakin, Konstitusiya Məhkəməsi bu biabırçılığa son verib.
Verilən qərarla bağlı "Şərq”ə danışan millət vəkili, tarixçi-alim Fəzail İbrahimli diqqətə çatdırıb ki, Fransada ermənipərəst qanunların qəbul edilməsi müəyyən siyasi məqsədlərdən, xristian təəssübkeşliyindən və ən əsası isə erməni lobbisinin istəyi ilə bağlı məsələdir:
"Məlumdur ki, türklərin əleyhinə olan qanunlar, qərarlar birbaşa erməni lobbisinin təsiri sayəsində gündəmə gətirilir. Bilirik ki, Fransada ermənilərin gücü kifayət qədərdir. Onlar dövlət siyasətinə təsir göstərə, Senata öz adamlarını keçirə bilirlər. Dəstək verdikləri şəxslərin qarşısında duran ən böyük məqsəd isə erməni mənafeyini müdafiə etmək olur”. Deputatın sözlərinə görə, erməni mənafeyinin ən mühüm məsələsi məhz qondarma genosidlə bağlıdır: "Ermənilər tərəfindən "seçilən” siyasilər düşmənin istəklərini reallaşdırmağa çalışırlar. "Soyqırım” məsələsini parlament səviyyəsinə çıxarmaq kifayət qədər güc tələb etsə də, nəticədə erməni lobbisi buna nail ola bilmişdi. Amma vicdanlı bir fransız ölkə konstitusiyası əsasında məsələyə yanaşmada yeni münasibət ortaya qoydu və sübut etdi ki, cəmiyyəti zorla nəyəsə inandırmaq yolverilməzdir. Təbii ki, bu münasibət əvvəlkindən fərqli olaraq ədalətlidir, səhvi təkrar etməməkdir. Atalar sözü var, deyirlər ki, "Haqq əzilər, ancaq üzülməz”. Fransada da haqq əzildi, ancaq üzülmədi”. Bu söhbət bir sabun köpüyü kimi çıxıb gedəcək. Çünki haqsız məsələlər üzərində qurulmuş saxta münasibət və dostluq davamlı olmur. Ermənilərin "dostluğu” maddiyyətə söykəndiyi üçün yavaş-yavaş əriyib gedəcək”.
Millət vəkili Elman Məmmədov da "Şərq”ə açıqlamasında deyib ki, Fransada çox güclü erməni lobbisi var. Ona görə də deputat məhkəmənin qərarının çox sevindirici hal olduğunu düşünür:
"Mən bunu müsbət dəyərləndirirəm. Deməli, Fransada müəyyən siyasi dairələr qondarma "soyqırım”la bağlı məsələni tam dəqiqliklə öyrəniblər. Anlayıblar ki, həmin dövrdə türklər ermənilərə, əksinə ermənilər türklərə qarşı soyqırımı törədiblər. Ortada tarixi faktlar var. Türkiyə prezideti cənab Ərdoğan dəfələrlə deyib ki, "gəlin arxivlərimizi açaq, alimlər məsələni aydınlaşdırsınlar”. Görünür, fransızlar reallığı dərk etməyə başlayıblar və haqqın-ədalətin yoluna gəliblər. Güman edirəm ki, belə davam edərsə, bir gün Fransa erməniləri işğalçı kimi tanıyacaq”.
İsmayıl