"Gəncə hadisələrində "əli" olan xarici qüvvələr digər bölgələrimizdə də təxribat törətmək istəyirdilər"






"Gəncə hadisələri xarici qüvvələrin əli ilə həyata keçirilmiş təxribatdır, böyük cinayət hadisəsidir”.

Bunu "Sherg.az”a iyulun 10-da Gəncədə baş verən iğtişaşların səbəblərini izah edərkən millət vəkili Aqil Abbas söyləyib. 

Onun diqqətə çatdırıb ki, hazırda istintaq aparılır və hadisələrin törədilməsində "əli" olanlar axtarılır:

"Artıq polislərimizi qətlə yetirən cinayətkarlar zərərsizləşdirilib. Onların arxasında duran qüvvələr də aparılan istintaq tədbirləri nəticəsində aşkara çıxarılacaq. Azərbaycana qarşı hazırlanan təxribat ssenarisinin arxasında mütləq bəzi qüvvələr dayanıb.

Bəzi insanlar bu təxribatlara, sanki haqq qazandırmağa çalışır, problemi Gəncə şəhər İcra hakimiyyətinin apardığı siyasətdə görürlər. Əslində isə belə deyil. İcra başçısı kobud olsa da, təhqirə də yol versə, ölkəmizə qarşı yönələn bu təxribata heç bir bəhanə gətirilə bilməz. Əslində Gəncə hadisələrinin Elmar Vəliyevin davranışları ilə heç bir əlaqəsi yoxdur. Gün kimi aydındır ki, bu sadəcə xarici qüvvələrin təxribatıdır. 

Hətta bu qüvvələr digər bölgələrimizdə həmin ssenarini həyata keçirməklə zəncirvarı təxribat törətmək istəyirdilər. Azərbaycan polisinin, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində bütün bunlar aşkara çıxarıldı və qarşısı alındı. Bundan sonra da axtarışlar davam etdiriləcək, bu məsələdə "əli" olan hər kəs aşkarlanıb, istintaqa təhvil veriləcək.

Açıqlamalarımda da qeyd etmişəm ki, Gəncə hadisələrindən dolayı insanlarda müəyyən şübhələr yaranır. Bir qrup hadisənin İranın təxribatı olduğunu, digər bir qrup isə burada Rusiyanın rolunun olduğunu iddia edir. Ona görə, düşünürəm ki, Rusiya və İran məsələyə rəsmi münasibətini bildirməlidir. İran tərəfi artıq bu addımı atdı və Gəncə hadisələrini tənqid etdi. Rusiyanın da şübhələri aradan qaldırmaq üçün belə addım atmasına ehtiyac var”.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək, xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edib, qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Cinayətkar Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq, silahlı müqavimət göstərib və əlində olan qumbaranı istifadə etməyə cəhd edib. Bu zaman o, DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib.

Aysel Aslan