"Bu gün boşanan cütlüklərin sayının artması cəmiyyətdə ictimai qınağın olmaması ilə bağlıdır”
Bu sözləri "Sherg.az”a bu ilin son altı ayı ərzində boşanan cütlüklərin sayının 7 min 200-dən çox olmasına münasibət bildirərkən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib.
Onun qənaətincə, boşanmalara bir çox amillər təsir göstərir:

"İstər evli cütlüklərin ani qərarları, istərsə də kənardan daxil olan hər hansısa bir müdaxilə sonda bu xoşagəlməz olaya səbəb olur. Ailələrin dağılmasına gətirib çıxaran əsas faktorlar çütlüklərin tələsməsi, bir-birini anlamaması, bir-birinin xüsusiyyətlərinə bələd olmadan nikah masasına əyləşməsidir. Bundan başqa, evlilik müddətində tərəflərin qeyri-sabitliyi, kiçik məsələləri gərəksiz yerə böyütməsi, xanımların və bəylərin ailə çətinliklərinə dözümsüzlüyü və ən əsası da kənardan olan müdaxilələr də boşanmalara yol açır.
Əvvələr, hər hansı bir ailə dağılanda ətraf bunu birmənalı qarşılamırdı. Tərəflər də qınaqdan çəkinirdi. Amma indi hərkəs istədiyini edir. Bu hal da ictimai qınağı aradan qaldırdı. İndiki gənclər çətinlikdən çıxış yolunu boşanmaqda görürlər”.
M.Zeynalova onu da bəyan edib ki, bir sıra tədbirlər həyata keçirməklə boşanmaların qarşısını almaq olar:
"Öncə, ailələrin problemləri üzrə və o çətinliklərin həlli istiqamətində proqramlar təşkil olunmalıdır. Orada onların mübahisəli məsələləri, çətinikləri, anlaşa bilmədikləri məsələlər dinlənilib, həlli yönündə müzakirələr edilib və cütlüklərə alternativ çıxış yolları təqdim edilməlidir. Bundan başqa ailələrin üzərində sosial iş institutu gücləndirilməlidir.
Bu kimi tədbirlərin tətbiqi şərtdir. Bunlar yaradılsa, boşanmaq istəyən tərəfləri fikirlərindən döndərə bilərik. Həmçinin evlənmə və ayrılma dövrlərində tərəflərə psixoloji yardım göstərilməlidir”.
Qeyd edək ki, 2018-ci ilin altı ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 27 525 nikah qeydə alınıb."Sherg.az"ın məlumatına görə, qeyd olunan müddət ərzində boşanma hallarının sayı isə 7219 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
Kənan Eynuroğlu