Bütün hadisələrdən dərs çıxarıb yeni idarəetmə fəlsəfəsinə keçid üçün şərait yaranıb
Generatorlar gündəmin mövzusu oldu
Metropoliten bütün fors- major hallara hazır olmalıdır
Bütün hadisələrdən dərs çıxarıb yeni idarəetmə fəlsəfəsinə keçid üçün şərait yaranıb
Bütün hadisələrdən dərs çıxarıb yeni idarəetmə fəlsəfəsinə keçid üçün şərait yaranıb
Azərbaycanda elektrik enerjisinin verilməsindəki fasilə metroda olan sərnişinlərin köməksiz qalmasına, böyük təşvişə səbəb olub. İşığın sönməsinin hamının işdən çıxdığı pik saata düşməsi isə vəziyyəti daha çox qəlizləşdirib. Sərnişinlər qatarlardan düşürülərək qaranlıq, havasız və isti tunellə stansiyaya olan bir neçə dəqiqəlik yolu ayaqla gəlib. Metroda azyaşlı uşaqlar, yaşlı insanların da olduğunu nəzərə alsaq, belə bir hadisədən ölüm-itim olmadan qurtulmağı xoşbəxtlik saymaq olar.
Bu hadisədən sonra isə ən çox müzakirə olunan məsələ milyonlarla sərnişin daşıyan metropoliten kimi strateji qurumun fors-major hallara hazır olmamasıdır. İnsanlar sual edir ki, niyə metroda belə vəziyyətlər üçün alternativ nələrsə fikirləşilməyib, niyə generatorlar yoxdur.
Prezident İlham Əliyev iyulun 4-də ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə bu məsələyə toxunub. Prezident metropolitendə generatorların mövcud olmamasını çox acınacaqlı fakt kimi dəyərləndirib: "Bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”.
Metropoliten rəsmisi isə mətbuata açıqlamasında generatorların olduğunu bildirib. Lakin əlavə edib ki, bu generatorlar sadəcə stansiyaları işıqlandırmaq və bəzi tələbatları ödəmək üçündür. "Qatarları hərəkətə gətirmək, onların hərəkətdə olmasını tənzimləmək üçün lazım olan elektrik enerjisi tam fərqli bir şeydir. Bu, bizim məişətdə işlətdiyimiz 220 volt enerji deyil. Qatarların təmas reysində 825 volt gərginlik olur. Aradakı fərqə baxın”.
Bəs, dünya təcrübəsində necədir? Həqiqətənmi generatorlar sadəcə metro stansiyalarını işıqlandıracaq gücdə olmalıdır?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında metronun həddindən artıq enerji sərf edən sahə olduğunu deyib. Onun sözlərinə görə, generatorlardan istifadə etməklə qatarların fəaliyyətini bərpa etmək real görünmür:
"Metroda generatorların olması çox vacibdir. Amma Prezident müşavirədə generator məsələsini qabartmaqla qatarların hərəkətə gətirilməsini nəzərdə tutmayıb. Generatorlar vintilyasiya sistemi, tunellərin işıqlandırılması, yeraltı suların kənarlaşdırılması üçün vacibdir. Çox təəssüflər olsun ki, Bakı Metropoliteni fövqəladə vəziyyətə hazır deyildi. Düzdür, generatorlar var, lakin problemi həll etmək gücündə deyildilər. Elektrik enerjisinin verilməsində problem yaranan kimi avtomatik olaraq tunellərin işıqlandırma sistemi, vintilyasiyası işə düşməli idi. Su nasoslarının fəaliyyətində heç bir problem yaranmamalı idi. Bütün qatarların hərəkətini təmin edəcək qədər generator quraşdırılması texniki baxımdan mümkün görünmür. Generatorla qatarların hərəkətini qismən təmin etmək olar. Bakıda cəmi 3-4 metro stansiyası olsa, tuneldə qalan qatarları generatorlar vasitəsilə stansiyaya gətirmək mümkün olardı. Mövcud reallıqda isə inandırıcı görünmür. Düzdür, zəruri hallarda qatarların evakuasiyası ilə bağlı elektriklə işləməyən teplovozlardan istifadə oluna bilərdi. Bilmirəm, bizim Metropolitenin qatar parkında var, ya yox. Ən azından baş verən problemlər göstərir ki, metroda təhlükəsizlik tədbirləri kompakt şəkildə deyil. İnanmıram ki, Metropolitenin nəzdində generatorlar olmasın. Şübhəsiz ki, generatorlar layihədə nəzərdə tutulur və quraşdırılır. Sadəcə yəqin ki, bu dəfə onların çoxu ya işlək olmayıb, kifayət qədər gücə və saya malik olmayıb”.
İqtisadçı-ekspert Natiq Cəfərov isə hesab edir ki, metronun qatarları stansiyalara çıxaracaq qədər ehtiyat elektrik enerjisi, xüsusən də ehtiyat generatorları mütləq olmalıdır. Qəza şəraitləri nəzərə alınmalıdır. Dünyanın hər yerində belədir. Ən azından tuneldə olan qatarları çölə çıxara biləcək, stansiyaya gətirə biləcək qədər ehtiyat elektrik enerjisi olmalıdır.
Metronun bütün fəaliyyətini təmin etməyə ola bilər ki, generatorların gücü çatmasın, bu normaldır. Çünki metropoliten ən çox elektrik enerjisi istifadə edən qurumlardan biridir. Amma ən azından belə qəzalı vəziyyətlərdə tunellərdə qalan vaqonların stansiyalara qədər gətirilməsi üçün böyük həcmdə olmasa da, elektrik enerjisi ehtiyatı olmalıdır ki, insanlar əziyyət çəkməsin. Görünür, metropoliten belə fors-major hallara hazır deyil, heç hazırlaşmaq fikri də olmayıb.
İqtisadçının fikrincə, "generatorların gücü qatarları hərəkətə gətirməyə çatmır” kimi açıqlamalar yaranan problemə bəraət qazandırmır:
"Əvvəlcədən generatorların gücünün az olduğu bilinirdisə və bu generatorların qatarları hərəkətə gətirmək üçün yetərli olmadığı aydın idisə, demək onlar daha güclüləri ilə əvəz olunub, ən azı fors-major situasiyalardan çıxmağı təmin etməli idi. Tuneldə qalan qatarın stansiyaya gətirilməsi üçün cəmi 5-10 dəqiqəlik elektrik enerjisi lazımdır. Metropoliten rəhbərliyi öncədən bilməli idi ki, belə fors-major situasiya yarananda generatorun gücü çatmayacaq”.
"Bakı Metropoliteni”nin dövlətdən ən çox dotasiya alan qurum olduğunu vurğulayan N.Cəfərli metropolitenin monster quruma çevrildiyini də qeyd edib:
"Təmir işlərini özü həyata keçirir, satınalmaları özü edir. Qapalı sistemdir, şəffaflıq çox aşağı səviyyədədir. Tez-tez də bəyan edir ki, sərnişinlərin daşınması quruma baha başa gəlir və onlar ziyanla işləyirlər. Dövlətdən də ən çox dotasiya alan qurumlardan biridir. Halbuki yeni stansiyaların tikilməsini də dövlət maliyyələşdirir, yeni qatarların alınmasına, vaqonların təmirinə dövlət pul ayırır. Metropoliten özü öz qazancı hesabına heç bir addım atmır. Bu da metropolitenin idarəetməsinin, ümumiyyətlə, yanaşmasının səhv olduğunu göstərir. Bütün bu məsələlərdən dərs çıxarıb yeni bir yanaşmaya, idarəetmə fəlsəfəsinə keçid üçün, məncə şərait yetişib”.
Bakı Metropoliteni QCS-dən verilən məlumata görə, ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə prezidenti İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib.
Məlumatda artıq bununla əlaqədar "Bakı Metropoliteni” QSC-də müvafiq işlərə başlanıldığı qeyd olunub. Təkliflər və görüləcək tədbirlərlə bağlı məsələlər müvafiq dövlət strukturlarının, o cümlədən ölkənin və paytaxtın enerji sektoruna məsul sahələrin rəhbər və mütəxəssis heyəti ilə müzakirəsinə çıxarılacaq. Qarşılıqlı fikir mübadiləsi, müzakirələrə və təkliflərə baxılaraq, ümumi konsepsiyanın işlənməsi istiqamətində işlər görüləcək.
Qeyd edək ki, Bakı metropoliteninin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşası zamanı bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyasının inşası da aparılır. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunun tələb olunan minimal enerji təminatını ödəyəcək.
Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri olacaq:
"Sovet dövründə fövqəladə hal, xüsusən də elektrik enerjisinin verilişi kəsildiyi halda, qatarların tunellərdən çıxarılması məqsədilə metropolitenin ehtiyat enerji mənbəyi ilə təmin edilməsi nəzərdə tutulmamışdı. Stansiya və tunellərin qəza işıqlandırılması, həmçinin dispetçer strukturlarının işinin təşkili Bakı metropoliteni yarımstansiyalarında quraşdırılmış akkumulyatorlar vasitəsilə təmin edilir. Lakin xüsusi hallarda metropolitenin ehtiyat elektrik təchizatı mənbəsi ilə təmin edilməsi, dövlət rəhbərinin qeyd etdiyi kimi, mühüm, həm də xüsusi yanaşma tələb edən geniş məsələdir”.
Məlumatda o da deyilib ki, metropolitenin elektrotexniki avadanlıq və qurğuları müxtəlif gücə malik 220 transformatorla təmin edilir və bu da aylıq 12 milyon kV/saat təşkil edir:
"Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə həlli mümkün olmayan məsələ yoxdur. Məsələnin bir neçə həll istiqaməti var. Ölkənin və paytaxtın elektrik enerjisi ilə təchizatı sistemi ilə bağlı dövlət siyasətini həyata keçirən bu sənaye sahəsini aparıcı qurumlarla sıx əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində qarşıya qoyulmuş vəzifələrin həlli ilə bağlı təkliflər hazırlanacaq”.
Artıq "Bakı Metropoliteni” QSC-də bununla əlaqədar mühüm işlərin görülməsinə, bütün ehtiyacları nəzərə alan təkliflərin müzakirəyə çıxarılması istiqamətində işlərə başlanılıb.
Şəymən