Türkiyə-İsrail qarşıdurması bir müddətdən sonra səngiyəcək
İsrail və Türkiyə arasında münasibətlər yenidən pisləşib. Buna səbəb ötən gün Qəzza sektoru - İsrail sərhədində 16 fələstinlinin öldürülməsi və ən az 500 nəfərin yaralanması olub. Qarşıdurmadan sonra Ankara-Təl-Əviv əlaqələrində növbəti gərginlik yaranıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun Qəzzadakı hərəkətlərini kəskin şəkildə pisləyib. Ərdoğan İsrail hökumətinin hərəkətlərini terrorizm adlandırıb. İsrail hökumət başçısı Benyamin Netanyahu həmişə olduğu kimi, bu dəfə də Türkiyə Prezidentinə qarşı hücum edib.
İsrail hökuməti, həmişəki kimi əməllərinə haqq qazandırıb, öldürülən şəxslərin hökumət qüvvələrinə hücum etdiyini iddia edib. Hətta BMT-nin müstəqil araşdırma təklifi də Təl-Əviv tərəfindən rədd edilib. Daha sonra İsrail dövlət təhlükəsizliyi naziri Gilad Erdan, "İstəsək "erməni soyqırımı”nı tanıyarıq” deyərək Türkiyəni təhdid edib. Erdan iddia edib ki, Ərdoğan Qüds prosesində rol almaq üçün Həması dəstəkləyir:
"Mavi Mərmərə” hadisəsindən sonra Türkiyə-İsrail arasında imzalanan yaxınlaşma anlaşmasına görə peşmanlıq duyuram”. İsrail rəhbərliyi Türkiyə ordusunun Afrində apardığı əməliyyatları da "sivil insanlara qarşı qətliam” adlandırıb və Türkiyəyə "işğalçı” deyib.
Tərəflər arasındakı gərginliyi "Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev bildirib ki, qarşılıqlı ittihamlar bir müddətdən sonra səngiyəcək və Türkiyə-İsrail münasibətləri stabil əməkdaşlıq fazasına keçəcək:
"Məlum "Mərmərə gəmisi” münaqişəsindən sonra bu ölkələr qarşılıqlı ittihamlar şəraitində siyasət yürütsələr də, bölgədə olan vəziyyət onları barışığa məcbur etdi. Xatırladım ki, Türkiyə qonşusu Rusiya ilə də müharibə həddinə gəlib çatmışdı, amma indi Moskva ilə münasibətlər çox normaldır. Əlbəttə, Türkiyə Prezidenti cənab Ərdoğanın Qəzza bölgəsində baş vermiş olaylara reaksiyası insanlıq nöqteyi-nəzərindən normal addımdır. Lakin bu reaksiya dövlətlərarası münasibətləri korlayacaq tonda olmamalıdır. İsrail dövləti yarandığı gündən stabil olaraq eyni siyasəti yürüdür. Bundan sonra da siyasətində bir dəyişiklik edəcəyini gözləmirəm. Belə olan təqdirdə bilərəkdən münasibətləri korlamaq lazım deyil”.
Analitik "Azərbaycan bu vəziyyətdə hansı mövqeyi seçməlidir” sualına bu cür cavab verib:
"İsraillə yaxşı münasibətlərimizi nəinki qoruyub saxlamalıyıq, hətta bir qədər də inkişaf etdirməliyik. Türkiyə bizə qardaş ölkədir və güman edirəm ki, bizi başa düşəcək”.
İsmayıl