Girov” filmində erməni obrazı yaratmışam”

Qurban İsmayılov: “Aktyor o zaman peşəkardır ki, mənfi obrazı yaradarkən tamaşaçıda o obraza nifrət yarada bilsin”
“Elə tərəf-müqabili var ki, sən onun oyunundan elə stimul alarsan ki, sənin də ona qarşılıqlı jestindən tamaşaçı mat qalar”


Hər kəsin bir rolu var. Kimisi həyatda, kimisi səhnədə, kimisi də kamera qarşısında bunu oynamağa çalışır. Bugünkü müsahibim də oynayır. Bəzən səhnədə, bəzən də kamera qarşısında. Həyatda oynadığı rol bəlkə də sakit, sadə olub. Amma əməkdar artist Qurban İsmayılovun bu günə qədər oynadığı rollar kifayət qədər xarakterik, bəzən ziddiyətli, bəzən soyuq tipli insanlardı. Hər biri bir taleyi əks etdirəcək qədər də səmimi və inandırıcıdır.

Müsahibimin "Nar bağı”nda oynadığı rol isə yəqin ki, ən yaxşı obrazlarından biri sayılır. Çünki Qurban İsmayılov məhz 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə "Ən yaxşı kişi rolu”, film "Münsiflər heyətinin xüsusi mükafatı” və Beynəlxalq Kinotənqidçilər Federasiyası tərəfindən "Xüsusi vurğulama”ya layiq görülüb.

- Kino, serial sahəsi bu gün müzakirə predmetinə daha çox çevrilib. Bəzən belə fikir də səslənir ki, bizim aktyorlar süni oynayırlar. Elə ona görə də tamaşaçı türk seriallarına daha böyük maraq göstərir, xarici filmlərə daha çox baxmalı olur.

- Bu fikirlə razılaşa bilmərəm. Çünki o fikri qəti qəbul edə bilmərəm. Bəli, bu gün tamaşaçı türk seriallarına daha çox baxır, onların serialları bizim bu gün çəkilən seriallardan güclü görünür. Amma burda məsələnin Azərbaycan aktyorunun zəif, süni olub-olmaması ilə əlaqəsi yoxdu. Siz 30 il əvvəl çəkilən türk filmlərini, serialları izləyin. Görün nə qədər primitiv kinolardı. Sadəcə Türkiyə böyük dövlətdi, inkişaf etdikcə, onun kino sənayesi, kino bazarı da inkişaf etdi. Bu da keyfiyyətə təsirini göstərmiş oldu. Amma 30-40 il əvvəl çəkilən Azərbaycan filmlərinə də baxsaz, müqayisə edəndə çox maraqlı bir mənzərənin şahidi oluruq. Bizim 30-40 il əvvəl çəkilən filmlərimiz professional kino sənəti baxımından daha güclüdürlər. 

Azərbaycan müstəqilliyini cəmi 25 ildi yaşayır. Təbii ki, müəyyən siyasi-tarixi proseslər mədəniyyət, incəsənət, kino sənətinə də təsirini göstərə bildi. Biz gənc müstəqil dövlət olaraq inkişaf etməyə səy göstəririk. Mən əminəm ki, bir müddət sonra Azərbaycan kinosu öz keyfiyyəti ilə yenə də tamaşaçı marağını qaytaracaq. Qaldı aktyorların ifasının süni olması-filan, bu artıq başqa bir mövzudur. Var istedadlı aktyor, var istedadı az olan aktyor. Ola bilər ki, aktyorun istedadı var, ancaq onu istiqamətləndirən rejissor olmayıb. İncəsənətin bütün növləri zövqə bağlıdır. Əgər bu gün seriallardakı, tamaşalardakı oyunlara süni deyilirsə, ola bilməz ki, onların arasında 3-5 diqqət çəkən aktyor olmasın. Burda aktyor istedadı, yönləndirmə önəm kəsb edir.

- Uzun illər teatrda müxtəlif obrazlar yaratmısız. Amma filmlərdə çəkilməyə gec başlamısınız... Səhv etmirəmsə, "Güllələnmə təxirə salınır” filmində ilk dəfə çəkilmisiz...

- Bəli, 90-cı illərin əvvəlində rejissor Ələkbər Muradovun "Güllələnmə təxirə salınır” filminə dəvət aldım. Film ekranlara 2000-ci illərin əvvəlində çıxdı. Müharibə gedirdi və filmlərin çəkilməsində bu qədər fasilənin olması təbii idi. Bu, kinoda ilk işim oldu.

- Hər aktyorun öz rejissoru olur, deyirlər. Yəni məhz o rejissorun işində aktyor özünü göstərə bilsin.

- Bəzən elə rejissor olur ki, səni özünə belə tanıda bilir. Kinoda özümü göstərməyim rejissor Eldar Quliyevlə bağlıdır.

- "Girov” filmindən söhbət gedir. Orda erməni obrazı yaratmısız...

- Bəli, filmdə erməni obrazını yaratmalı idim.

- Hər aktyor belə rola razı olmaz. Tamaşaçının münasibəti birmənalı olmaya bilər. Tərəddüd etmədiniz erməni obrazı yaratmağa?

- Aktyor o zaman peşəkardır ki, mənfi obrazı yaradarkən tamaşaçıda o obraza nifrət yarada bilsin. Mən obrazı yaradarkən mənə nə deyilər deyə çəkilsəm, orda peşəkarlıq olmayacaq. Mən bu obraza çəkiləndə məsuliyyəti hiss etmişəm. Aktyor olaraq da bu obrazın öhdəsindən gələ bildiyimi düşünürəm.
- Aktyor rejissoru tapır fikri ilə razılaşmaq necə, olarmı?

- Kinoda, teatrda bu deyimi çox eşidirəm. Amma aktyor öz rejissorunu tapır fikri ilə razı deyiləm, əslində rejissor aktyoru tapır. Çünki rolu rejissor verir.

- Aktyor üçün baş, ya epizodik rolun nə qədər önəmi var?

- Bir həqiqət var ki, hamı baş rol oynamağı arzulayır. Misal üçün, mən "Girov” filmində əsas rolu oynadım. E.Quliyevin növbəti "İstanbul reysi” filmində isə epizodik bir obrazı canlandırmışam. Oqtay Mirqasımovun "Günyadın, mələyim” filmində də epizodik rolda oynamışam. Lakin burada önəmli olan epizodik rolun necə olmasıdır. Oynadığım rollar epizodik olsalar da, aktyor üçün önəmli sayıla bilən, istedadını ortaya çıxara biləcək obrazlardır. Ona görə də təqdim olunan ssenariyə, rolun yükünə önəm verirəm.

- "Nar bağı” filmi sizin yaradıcılığınıza uğur gətirdi.

- Bu film təkcə mənim, rejissorun uğuru deyil. Azərbaycan kinosunun uğuru kimi qiymətləndirək. Bu, kinomuzun uğurudu.

- Yerli seriallardan dəvət gələndə daha çox nəyə önəm verirsiz?

- İlk əvvəl mənim üçün ssenari önəm daşıyır. Ssenari maraqlı olarsa, artıq düşünməyə səbəb olur. Bir də kimlərlə çalışmaq. Təbii ki, peşəkar heyətlə işləmək mənim üçün vacib amillərdən sayılır.

- Tərəf-müqabili aktyorun ifasında, səhnədə nə qədər rol oynayır?

- Tərəf-müqabilin təsiri böyükdü. Tərəf-müqabilinlə sən obrazı bölüşürsən. Elə tərəf-müqabili var ki, sən onun oyunundan elə stimul alarsan ki, sənin də ona qarşılıqlı jestindən tamaşaçı mat qalar. Müsbət mənada səhnədə, ekran işində maraqlı məqam yaranar. Elə də tərəf-müqabili var ki, sən özünü öldürsən belə, o tərpənmir.

- O tərpənmirsə, deməli, sənin də işin kölgədə qalır?

- Kölgədə qalmır, amma solğun görünür. Sən oynadığın oyundan həzz ala bilmirsən. Səhnədə rahat olmursan.

- Ürəyinizcə olmayan tərəf-müqabili ilə çəkilmək, səhnəni paylaşmaq məcburiyyətində qalmısız?

- Çalışıram ki, hamı ilə normal ünsiyyət yaradım. Amma tərəf-müqabilimin zəifliyinə gəlincə, deyə bilmərik ki, filan aktyor tam zəifdi. O, bir səhnədə zəif ola bilər, digərində güclü bir oyun nümayiş etdirə bilər. Sadəcə tərəf-müqabilinə kömək etmək lazımdı. Amma olmayanda olmur. Amma tərəf-müqabili sənin rolunu təqdim edəndə təsir edə bilir. Həyatda da tərəf-müqabili vacibdi, səhnədə də, ekran işində də.

- Yaxşı film, tamaşa üçün rejissor işi önəm daşıyır, ya aktyor ifası.

- İlk növbədə rejissor işi. Çünki sən onun kinosunda çəkilirsən. O səni necə təqdim edirsə, sən tamaşaçıya o şəkildə görünürsən. Təbii ki, ilk əvvəl rejissor peşəkar, güclü olmalıdı. Sənin yaratdığın ekran işində, quruluş verilən səhnədə rejissorun təqdimatı, aktyorun işinə birbaşa təsir edə bilir. Sən aktyorsan, çox maraqlı, güclü bir səhnəyə çəkilirsən, ordakı bir anlıq kadr sənin həmin filmdə oyununu tam göstərmiş ola bilər, rejissor o yeri kəsib atarsa. Artıq sən filmdə yarımçıq görünərsən. Amma aktyor ifası da özünü göstərir. İstənilən halda film haqqında pis-yaxşı, rejissorun adı hallanır. Rejissor əməyini danmaq olmaz.

- Rejissor nə dərəcə aktyor oyununa təsir edə bilir?

- Kinoda daha çoxdu. Səni aktyor kimi məhz rejissor göstərmək gücünə malikdi. Yaxşı rejissor da başa düşür ki, tamaşaçıya film aktyor vasitəsilə təqdim edilir. Burda müəyyən nüanslar var. Elə ekran işi ola bilər ki, orada rejissor üçün aktyorun güclü oyunu vacib olmaz. Rejissor tamaşaçıya başqa köməkçi vasitələrlə istədiyini çatdıra bilər, tutaq ki, təbiətin rəngi, dili ilə, hansısa musiqi ilə. Amma elə ekran işi də var ki, orda birbaşa aktyorun ifası, onun mimikaları, baxışı rejissorun dili ilə nəyisə çatdırmalıdır. Onda rejissor üçün aktyorun ifası daha vacib görünür. İstənilən halda film çətin, məsuliyyətli, vacib olan sənət növüdür.

Tahirə Məmmədqızı