“Göndərdiyim təqdimat 3 ildir ki, nazirlikdə yatır”

“AXC ilə bağlı xüsusi ensiklopediya buraxılmalı, keyfiyyətli filmlər hazırlanmalı idi. Ancaq bunlarla bağlı ciddi iş görülmür”
Fazil Mustafa: “Cümhuriyyətin 100 illiyi ilə bağlı gedişatdan xeyli məyusam”




2018-ci ilin ilk ayına qədəm qoyduq. Bir neçə aydan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi tamam olacaq. Prezidentin məlum sərəncamına əsasən yüzillik yubiley tədbirlərinin təntənəli şəkildə qeyd olunacağı gözlənilir.

Ötən il AXC-nin 100 illiyi ilə bağlı bir sıra beynəlxalq elmi konfranslar və digər tədbirlər keçirildi. Yubiley ilində daha mühüm tədbirlərin keçirilməsi planlaşdırılır. AMEA başda olmaqla, bir sıra dövlət qurumları, ictimai və siyasi təşkilatlar, tarixçi alimlər yubiley hazırlıqlarının davam etdiyini, müxtəlif tədbirlərin hazırlandığını deyirlər. Görünən odur ki, hər təşkilat üzərinə düşəni etməyə çalışır. Milli Məclisin sədri Oqtay Əsədov da görülən işlərlə bağlı məlumat verərkən müvafiq qurumların hazırlıq gördüyünü bəyan edib. Spiker bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər gələn ilin iyunun 10-na qədər keçiriləcək.

Proseslə bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa hazırlıq işlərində xeyli gecikmənin olduğunu söyləyib. Deputat yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunacağına inanmadığını deyib: 

"Müşahidə olunan laqeydlik bunu söyləməyə əsas verir. Bütövlükdə tədbirlərin hazırlıq səviyyəsi qaneedici deyil. Sanki özümüzün deyil, başqa bir ölkənin yüzilliyinə hazırlıq görürük. Gedişatdan xeyli məyus olduğuma görə, tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə pessimist yanaşıram. Bundan sonra görüləcək tədbirlər barədə məlumata sahib deyiləm. Əgər ilin əvvəli mühüm tədbirlər planlaşdırılsaydı, ötən ilin sonuna qədər bunların təqdimatı olardı. Cümhuriyyətin yüzilliyi çox ciddi bir hadisədir və ona hazırlıq da ciddi olmalıdır. AXC ilə bağlı xüsusi ensiklopediya buraxılmalı, keyfiyyətli filmlər hazırlanmalı idi. Ancaq bunlarla bağlı ciddi iş görülmür”.

F.Mustafa bildirib ki, AXC-nin yüzillik tədbirlərinə ötən ilin 28 mayından başlamalı idik: 

"Mədəniyyət Nazirliyinə konkret layihə təqdim etmişəm. Vurğulamışam ki, həmin dövrlə bağlı, Bakının işğaldan azad edilməsi və Nuri Paşanın fəaliyyəti ilə bağlı bir film çəkilsə yaxşı olar. Göndərdiyim təqdimat 3 ildir ki, nazirlikdə yatır, nəzərə alan yoxdur. Açıq görünür ki, bəzi qurumlar Cümhuriyyətə, onun yüzilliyinə arzuolunan münasibəti göstərmir”.

Deputatın sözlərinə görə, parlamentdə iclasların biri AXC-nin yüzilliyinə həsr oluna bilər: "Parlamentin açılış tarixi 1918-ci ilin dekabrın 7-nə təsadüf edir. Bəlkə yubiley iclası həmin tarixə salındı”.

İsmayıl