"Ermənistan - Azərbaycan prezidentləri arasındakı görüş il yarımlıq fasilədən sonra keçirilir”.
Bunu "Sherg.az”a prezidentlərin oktyabrın 16-da Cenevrədə baş tutacaq görüşünün gündəliyi haqqında danışarkən millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, ötən ilin may-iyul aylarındakı danışıqlardan sonra Ermənistan Azərbaycan qarşısında şərtlər qoydu:
"Düşmən bu şərtləri yenidən danışıqlara getmək üçün irəli sürüb, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışdı. Ancaq proseslər göstərdi ki, belə yanaşma Ermənistanın özünə böyük diplomatik ziyan vurur. Bununla rəsmi İrəvan şərtlərdən imtina edərək prosesə yenidən qoşuldu. Bu, əslində Azərbaycanın kiçik də olsa diplomatik qələbəsi hesab edilə bilər.
Problemin həll edilməməsi Ermənistana və onu müdafiə edən qüvvələrə ziyan vurur. Düşmən ölkə inkişafdan qalır, əhalisi köçür, gəlirli və əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalır. Həmçinin böyük hərbi büdcə Ermənistanın çəkə bilmədiyi yükə çevrilib. Vəziyyət o həddədir ki, Ermənistan Rusiyadan 100 milyon dollarlıq hərbi sahə üçün kredit almağa məcbur olub”.
Azərbaycanın ərazi bütövlüyünün danışıqların predmeti olmayacağını diqqətə çatdıran deputatın sözlərinə görə, ölkə başçısı bu barədə qarşı tərəfə xəbərdarlıq edib:"Danışıqlarda söhbət yalnız Ermənistan qoşunlarının çıxarılmasından və Dağlıq Qarabağ ərazisinə yüksək muxtariyyətin verilməsinin detallarından gedəcək. Azərbaycan məsələnin mərhələli, Ermənistan isə birbaşa işğal edilmiş əraziyə dövlət statusunun verilməsini tələb edir. Göründüyü kimi, çətin danışıqlar gözlənilir.
Danışıqlar baş tutarsa, deməli yenilik var. Bunların nədən ibarət olduğu barədə isə danışıqların nəticəsində Minsk qrupu həmsədrləri bəyanat verə bilər. İstənilən halda problem beynəlxalq siyasətin mühüm məsələsidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdən başqa çıxış yolu yoxdur”.
Qeyd edək ki, məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək görüşün əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etməkdir.
Aysel Aslan