Gözlənilən idi...

Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında Azərbaycanın da böyük rolu olub“Rusiyanı Türkiyə ilə əlaqələrdə əsasən, Ukrayna-Krım və Suriya məsələləri, Türkiyəni isə Suriya, Qarabağ və digər məsələlər maraqlandırır”
Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Rusiya-Türkiyə əlaqələri, Yaxın Şərq, Ukrayna və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər.
Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib ki, tərəflər arasında Ukrayna məsələsi və Dağlıq Qarabağ münaqişəsi ciddi müzakirə mövzusu olub. Rusiyalı siyasi ekspert Dmitri Savelyev nazirlərin görüşünün Türkiyə və Rusiyanın yaxınlaşması baxımından çox önəmli olduğunu deyib. Analitikin fikrincə, hər iki ölkə bölgədə siyasi sabitliyin bərqərar olmasında mühüm rol oynayır. 
O baxımdan, XİN rəhbərlərinin görüşü Türkiyə ilə Rusiyanın yaxınlaşması istiqamətində əhəmiyyətli addımdır: "Hər iki ölkənin miqrantların torpaqlarına qayıtması, qanlı müharibəyə səhnə olan bölgələrdə həyatın yenidən başlaması üçün göstərdiyi səylər yaxın müddətdə ərazidə sabitliyin və sülhün təmin olunmasına ümidləndirir”.
 Ekspertlərə görə, hazırkı proseslər fonunda Türkiyə və Rusiyanın yaxınlaşması gözlənilən idi. İki dövlətin yaxın əməkdaşlığı uzunömürlü hesab edilməsə də, hər halda regional güclərin bir araya gəlməsi və mühüm məsələləri müzazkirə etməsi faydalı proses kimi dəyərləndirilir. Şübhəsiz ki, bizim üçün ən önəmli məqam tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsidir.
Politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında vurğulayıb ki, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında Azərbaycanın da böyük rolu olub. Siyasi şərhçinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pərdəarxası bəzi hadisələr cərəyan edir, müəyyən gizli məsələlər var: 
"Rusiyanı Türkiyə ilə əlaqələrdə əsasən, Ukrayna-Krım və Suriya məsələləri, Türkiyəni isə Suriya, Qarabağ və digər məsələlər maraqlandırır. Türkiyə Qafqazda Rusiya ilə sıx əməkdaşlıq etmək istəyir. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi hansısa şəkildə həll olunmalıdır. Türkiyənin marağı odur ki, Qafqazda sülh-əminamanlıq olsun, iqtisadi baxımdan sərbəst şəkildə əməkdaşlıq edilsin, gediş-gəliş olsun. 
Lakin Türkiyə ilə Ermənistan arasında sərhədin bağlı qalması buna əngəl olur. Sərhədlərin bağlı qalmasına səbəb isə Dağlıq Qarabağ münaqişəsidir. Ankara problemin tezliklə həllində maraqlıdır. Rusiyanın yeni xarici siyasət konsepsiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet kimi göstərilib. Çünki Rusiyanın cənub sərhədlərində belə bir hərbi münaqişənin olması və yenidən qızışması onun xeyrinə deyil”.
Politoloq bildirib ki, Yaxın Şərqdə gedən geosiyasi proseslər fonunda ABŞ-Türkiyə əlaqələrində yaranmış anlaşılmazlıq rəsmi Ankaranın Rusiya ilə yaxınlaşmasına gətirib çıxarıb: "Suriyada Rusiyanın siyasi-hərbi hərəkətliliyi, bundan əlavə ABŞ-ın şimali Suriyada Türkiyənin əleyhinə olan YPG-ni silahlandırması Türkiyə-Rusiya arasında ortaq koordinasiya yaratdı. İki ölkə məlum təyyarə böhranından sonra müharibə vəziyyəti ilə qarşılaşsa da, Türkiyənin üzrxahlığından və Qərbin Türkiyə əleyhinə siyasəti fonunda siyasi əlaqələr bərpa edildi.
 Lakin Moskva ilə Ankaranın sıx siyasi əlaqələrinin olmasına, Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşündə Qarabağ münaqişəsinin müzakirə edilməsinə baxmayaraq, bu istiqamətdə heç bir irəliləyiş olmadı. Türkiyə-Rusiya əlaqələrinin inkişaf etməsi Türkiyənin Cənubi Qafqaz siyasətinə mənfi təsir etsə də, Ankaranın Qarabağla bağlı mövqeyində dəyişilik olmayacaq. Azərbaycan istənilən şəraitdə Qarabağda Ermənistan ordusuna qarşı hərbi əməliyyatlara başlayarsa, Türkiyə Azərbaycana dəstəyini ifadə edəcək. Rusiya isə Ermənistanı dəstəkləyəcək”.
İsmayıl