Yıxılanların əksəriyyəti qovaq ağaclarıdır ki, onların ömrü də 25-30 il olur
"Bu ağaclar möhkəm olmur. Onların kökləri yer səthinə üfüqi şəkildə yayılır deyə küləyin sürəti artan kimi yerə yıxılır"
Bakıda əsən güclü külək bir çox hallarda ağacların qırılmasına səbəb olur. Bu isə insanların həyatı üçün təhlükə yaradan haldır. Dünəndən etibarən Bakıda və Abşeron yarımadasında əsən güclü külək yenə ağacların aşması ilə bağlı təhlükəli vəziyyət yaradıb. Güclü külək şəhərin müxtəlif yerlərində fəsadlara səbəb olub. Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, müxtəlif ünvanlarda 76 ağac aşması faktı ilə bağlı müraciətlər daxil olub.
Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qurumuş, yaşlı ağaclardan başqa, sağlam ağaclar da var. O.Məmmədov texnikaların şəhərin müxtəlif yerlərində hazır vəziyyətdə, aşma ehtimalı olan ağacların nəzarət altında olduğunu deyib: "Ancaq buna baxmayaraq, sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar".
Azərbaycan Milli Elmlər Akademiyası Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov isə "Şərq”ə açıqlamasında deyib ki, dünənki küləyin sürəti həddindən artıq güclü olduğundan aşan ağacların sayı bu qədər çox olub: "Küləyin sürəti saniyədə 20-25 metr və daha artıq idi. Bu cür hava şəraitində ağacların aşması gözləniləndir”.
M.Həsənovun sözlərinə görə, küləkli havalarda ağacların aşaraq şəhərdə təhlükəli vəziyyət yaratmasının əsas səbəbi Bakıdakı ağacların kəskin hava şəraitinə davamsızlığı ilə əlaqəlidir: "Aşan ağaclarla bağlı araşdırma aparsanız əksəriyyətinin qovaq ağacı olduğunun şahidi olacaqsınız. Bu ağaclar isə möhkəm olmur. Onların kökləri yer səthinə üfüqi şəkildə yayılır deyə küləyin sürəti artan kimi yerə yıxılır. Xüsusən də yaşı çox olan ağaclar lap kövrək olur. Bakıda isə vaxtilə daha çox qovaq ağacları əkiblər, onların isə ömrü 25-30 il olur, yaş həddi çatanda ağacın kövrəkliyi çoxalır.
Bakıda yaşıllaşdırma tədbirləri keçirilərkən uzun ömürlü və möhkəm gövdəli ağaclar əkmək lazımdır. Çinar, Eldar şamı, sərv, akasiya, zeytun ağaclarının aşma ehtimalı çox azdır, çünki onların kök sistemi daha dərin qatlara gedir. Düzdür, qovaq çox tez inkişaf edir, yarpaqları çox olur, havanı oksigenlə daha çox təmin edir, amma onların gövdəsinin möhkəmliyi çox deyil. Qovaq ağacının kökü çox dərinə getmir, üst hissəyə yayılır. Tez-tez sulananda isə qovağın kökü lap səthə yayılır. Güclü külək zamanı onların aşmasını əngəlləmək mümkün olmur. Dediyim kimi, yeganə çıxış yolu küləyə davamlı, kökü dərinə işləyən həmişəyaşıl ağaclar əkmək lazımdır”.
Şəymən