"İcraçıların azyaşlını atasına verməsi mərhələsi, xüsusilə belə problemlidirsə, psixoloqlar mütləq iştirak etməlidir".
Bunu Sherg.az-a Quba sakini 10 yaşlı Nuray Bayramzadənin məsələsi ilə bağlı danışarkən psixoloq Elnur Rüstəmov deyib.
O bildirib ki, bu məsələ köklü şəkildə araşdırılmalı, bütün detallar üzə çıxarılmalıdır:
"10 yaşlı bir uşağa qarşı bu cür zorakılıq edilməsi, onun psixoloji travma alması, sözsüz ki, ürəkaçan mənzərə deyil. Bununla bağlı ictimaiyyətdə də buna müxtəlif münasibətlər ifadə edildi. Məsələ ondadır ki, azyaşlı uşaqdan istər ata tərəfindən, istərsə də onu indiyə qədər saxlayan xala tərəfindən istifadə olunur. Əvvəl durumu araşdırmaq lazım idi ki, Nurayın atası indiyə qədər harada olub, aliment verib, ya verməyib, qıza baxıbmı? Eləcə də xala barəsində, Nuraya nə üçün sahiblənib, niyə saxlayıb kimi məsələlər açığa çıxarılmalı idi. Narahatedici məsələdir ki, biz problemin mahiyyətini anlamadan təzahürlərinə münasibət bildiririk. Sabah, birisi gün məlum olsa ki, Nurayın atasının heç bir günahı yox imiş, günah xalada imiş, mən heç təccüblənmərəm. Bu zaman isə əziyyət çəkən insanlar oluruq. Çünki, müşahidə edirik ki, hadisəyə bu gün bir cür qiymət verilir, sabahı gün də fərqli. Çünki bu ümumi müzakirəyə çıxarılır, mahiyyət haqqında məlumat verilmir”.
Psixoloq sosial şəbəkələrdə yayılan videoçarxda icraçıların kobud davranmasına da münasibət bildirib. Onun sözlərinə görə, səlahiyyətlilərin ən azından uşaqla necə davranmaq lazım olduğu haqqında ilkin təəssüratı olmalıdır:
"Xüsusilə bu məsələdə qeyri-peşəkar davranmadan, psixoloqla danışmaq lazım idi. Məhkəmə qərarı yerindəcə deyil, peşəkar şəkildə, əvvəlcədən təşkil edilməli idi. Bu gün Azərbaycanda boşanmalar artıb, ortada qalan, psixoloji travma yaşayan uşaqlar kifayət qədərdir. Ona görə də, psixoloqlar məsələyə hökmən cəlb edilməlidir. Bəzən qınanır ki, psixoloqlar niyə prosesdə iştirak etmir? Amma heç kim demir ki, psixoloqu dəvət ediblərmi? Psixoloqu gərək çağıralar ki, köməklik göstərə bilsin. Burada prosedur qaydaları var, hansı statuslu psixoloq çağırıla və kim vəsadət qaldıra bilər. Psixoloqların iştirakı tərəflərin iradəsi ilə deyil, birbaşa qanunla müəyyən edilməlidir. Bütün bunlara laqeyd yanaşılıb, ciddi addım atılmaması heç kimə deyil, azyaşlı Nurayımıza zərər verdi”.
Qeyd edək ki, bir neçə gündür Quba rayon sakini, 10 yaşlı Nuray Bayramzadənin bioloji atasına verilməsi ilə bağlı qalmaqal yaşanır. Məhkəmənin qəbul etdiyi qərarın icrası prosesində yaşanan insidenti əks etdirən videonun sosial şəbəkələrdə yayımlanması böyük səs-küy yaradıb.
Aysel Aslan