Günahı olanlar cəzalandırılacaq - Prezident Etibar Pirverdiyevi sərt tənqid edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Prezident müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini xatırladaraq bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.
İlham Əliyev vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır: "Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir".
Prezident İlham Əliyev bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.
Ölkə başçısı müşavirədə "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi Mingəçevir İES-də baş vermiş qəzaya görə sərt şəkildə tənqid edib.
"Siz sadəcə olaraq xalq qarşısında utanmalısınız. İnsanlara isti havada əziyyət verdiniz. Qəzaya səbəb kimi deyirsiniz ki, havalar isti keçib, istehlak artıb. Bu, məni qane edə bilməz”.
Prezident baş nazirin müavini Yaqub Eyyubova məsələnin ciddi şəkildə araşdırılmasını, qəzanın səbəbləri barədə ona məruzə edilməsini tapşırıb.