Azərbaycanın NATO təlimlərinə qatılması vacib deyil
Gürcüstanda NATO-nun "Layiqli tərəfdaş 2017” adlı hərbi təlimlərinin rəsmi açılışı olub. Açılış mərasimində çıxış edən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili hərbi təlimlərin əhəmiyyətindən danışıb və hərbçilərə uğurlar arzu edib.
Dövlət başçısı deyib ki, artıq üçüncü ildir ki, birgə təlimlər təşkil olunur: "Hərbi təlimlərin ənənəvi xarakter alması çox vacibdir. Əminəm ki, təlimlərdə iştirak edən hərbçilər maraqlı təcrübə əldə edəcəklər”.
Gürcüstanın Baş naziri Kvirikaşvili isə bu cür təlimlərin ölkə və region üçün olduqca əhəmiyyətli olduğunu bildirib:
"Hərbi təlimlər ölkəmizdə sülh, təhlükəsizlik və sabitliyin qarantıdır. Təlimlər Gürcüstan hərbçilərinin NATO standartlarına yaxınlaşmasına kömək edəcək”. Xatırladaq ki, avqustun 12-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edəcək. Hərbi təlimlərə Almaniyanın "Boxer” zirehli transportyoru, ABŞ-ın "Abrams” tankları, "Bradley” və "Stryker” zirehli maşınları cəlb olunub.
Maraqlıdır, NATO-nun hərbi təlimlərinə işğalçı Ermənistan qoşunları hansı haqla qatılır, ya da sualı başqa cür qoyaq, niyə həmin təlimlərə Azərbaycan dəvət olunmayıb?
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib ki, proses şişirdilərək regional səviyyəyə qaldırılıb. Onun sözlərinə görə, NATO-nun ilk təlimi 2016-ci ildə sadəcə ABŞ və Gürcüstan arasında keçirilib: "Həmin vaxt hərbi təlimlərdə yalnız Amerikanın Qara dəniz sahillərində yerləşən hərbi bazasının texnikası və şəxsi heyəti iştirak edirdi. Bolqarıstandakı hərbi bazadan gətirilən tanklar və digər müasir texnikalar Gürcüstana gətirildi və təlimdən sonra silahların yarısı ölkədə qaldı. Vaşinqton açıq şəkildə bəyan etdi ki, bunlar Gürcüstanın təhlükəsizliyinin təmin olunması üçün ABŞ-ın "hədiyyə”sidir. NATO-nun indiki təlimləri regional müstəviyə qaldırması birbaşa Rusiya ilə bağlıdır. Bildiyimiz kimi, hərbi alyans avro-atlantik bir qurum olaraq Qərbin və ABŞ-ın maraqlarına xidmət edir. Təşkilatın əsas düşməni Rusiya və Çindir. Bunu artıq Qərblilər özləri də etiraf edirlər. Varşava bloku dağılandan sonra NATO-nun əsas məqsədi postsovet ölkələrini, daha doğrusu, Rusiyanın bufer respublikaları olan əraziləri ələ keçirərək onlarla bu və ya digər formada hərbi əməkdaşlıq yaratmaq idi. Gürcüstan isə bu məsələdə bir qədər də irəli gedərək özünü "NATO dövləti” kimi aparır”.
Ekspert bildirib ki, təlimlər birbaşa Rusiyaya ismarıcdır:
"Əlbəttə, sual oluna bilər ki, Ermənistanın təlimlərdə nə işi var, axı Ermənistan KTMT-nın üzvüdür. Diqqətinizə çatdırım ki, nəinki Ermənistan, hətta Rusiyanın özü belə NATO ilə əməkdaşlıq və tərəfdaşlıq sazişi imzalayıb. SSRİ dağılandan sonra Rusiya belə bir sənədə imza atıb. Ukrayna hadisəsindən sonra Rusiya-Qərb münasibətləri gərginləşdi və Ermənistan bir qədər müşahidəçi rolunu oynadı. 2016-cı il aprel hadisəsindən sonra isə düşmən ölkə hərbi alyansla əməkdaşlıq məsələsini gündəmə gətirməyə başladı. Lakin aydındır ki, Ermənistan ikibaşlı oyun oynayır və Rusiyanın məğlub olma ehtimalına qarşı özünü sığortalayır”.
R.Məmmədli bəyan edib ki, Azərbaycanla Ermənistanın hərbi-siyasi mövqeyi tamamilə fərqlidir:
"Yəni Azərbaycan NATO əməkdaşlıq missiyasında bir neçə ildir ki, fəaliyyət göstərir. Ona görə də hesab edirəm ki, indiki təlimlərdə iştirakımız o qədər də vacib deyil. Ola bilsin, Azərbaycan rəhbərliyi Ermənistanın təlimlərdən iştirakını bildiyi üçün təklif olubsa belə, təlimə qatılmaqdan imtina edib. Bizim regiondakı missiyamız düşməndən fərqlidir. Azərbaycan bölgədə həm İranın maraqlarını, həm Rusiyanın, həm də Qərbin maraqlarını nəzərə alır. Azərbaycanın Gürcüstan kimi açıq şəkildə NATO ilə əməkdaşlığı ölkəmiz üçün müəyyən problemlər yarada bilər. Bu baxımdan Azərbaycan hərbi alyansla geniş miqyaslı əməkdaşlıq layihələrində, sülhməramlı hərəkatlarda iştirak edir, hərbi Qərargah təlimlərinə qatılır. Bir daha vurğulayıram ki, Gürcüstandakı təlimlər geniş miqyaslı olmadığına görə, bizim orada iştirakımız vacib deyil”.
İsmayıl