Güvən sarsılır...

Azyaşlı uşaqları intihara valideynlər sürükləyir
Hansı evdə hər gün zorakılıq var, bütün pərdələr aradan götürülüb, o ailədə uşaq özünə qəsd etməyə çox yaxındır


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlovun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb: "Qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 nəfər olub ki, onlardan 11-i azyaşlıdır".

Şöbə rəisi məlumat verib ki, qadınlara qarşı cinayət törətməsi müəyyən edilmiş 2004 şəxs 9 ay ərzində məsuliyyətə cəlb olunub.

Bəraət qazandırmasaq da, böyüklər arasında baş verən özünəqəsdlərin səbəblərini başa düşürük. Bəzən ağır maddi durum, bəzən də zorakılığa qarşı dözümsüzlük onları ölümə vadar edir. Bəs qayğısız sandığımız uşaqlar niyə özünəqəsd yolunu seçir? Və yaxud onları özünü öldürmə həddinə çatdıran səbəblər hansılardı?

Bu səbəblər o uşağın həm ata, həm ana, həm sinif yoldaşı, həm də rəfiqəsi ola bilər. Digər tərəfdən psixikasında problem olan, ona qarşı gizli şəraitdə törədilən zorakılıq hadisəsi də uşağı ölümə məcbur edə bilər.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, uşaqlar zəif təbəqədir, onların mənliyi çox zəif olur, hər şeyi qəbul etmirlər. Ola bilər ki, böyüklər hər sözü qəbul edə bilərlər, uşaqlar isə qəbul etmirlər. İntiharlar müəllimin, valideynin uşağa həssas yanaşmamağından irəli gəlir, uşaqlara yanaşma incə, mülayim olmalıdır.

Heç şübhəsiz sosial şəbəkələrdə yayılan intihar xəbərləri uşaqların psixologiyasına pis təsir göstərir. Ata və anasının zəif nöqtəsini tapan uşaq intiharı oyun şəklində davam etdirir. Uşaqları intihara vadar edən əsas səbəb ailə-məişət zorakılığı, ailədaxili münasibətlərdə soyuqluq və şiddətdir: "Azyaşlılar arasında intihara cəhd hallarının artmasında televiziyaların da xüsusi rolu var. Şiddətə meyilli filmlər, intihar səhnəsi olan kinolara uşaqların baxması məsləhət deyil. Hansısa problemi olan uşaq bu cür filmləri izlədikdən sonra orada izlədiyi intihar metodlarını öz üzərində yoxlamaq qərarına gəlir. Bu isə bir çox hallarda ölümlə nəticələnir.

Bütün bunların baş verməməsi üçün uşaqlara kiçik yaşlarından özünə inam aşılanmalı və məsuliyyət hissini öyrətməliyik.

Ailə dəyərlərinin müqəddəs olduğunu vurğulayan psixoloq- konsultant Arzu Müzəffərovanın sözlərinə görə, bu dəyər evlilikdə başlayır. Onu qorumaq isə cütlüklərin biri-birilərinə sayğı və hörmət etməsində özünü göstərməlidir: "Ailədə məişət zorakılığı varsa, demək bu ailənin təməli düzgün deyil. Psixoloq kimi onu deyə bilərəm ki, boşanma ərəfəsində müraciət edən cütlüklərlə terapidə ailə dəyərlərinin olmaması, ailənin dağılmaması üçün mübarizə artıq 0 °dir. Çünki zorakılıq baş qaldırır. Bütün pərdələr aradan götürülür ki, ailə düşmən dərəcəsinə gəlir. Doğrularını söyləyəcək qədər də səbəblər olur. Belə atmosferdə böyüyən qız uşaqları da görüntü olaraq ən əziz olan valideynlərini bu durumda görüb həm özlərinə, həm dayaq gördüyü valideynlərə güvəni sarsılır. Bu cür uşaqların psixikasında qorxaqlıq, güvənsizlik kök salır. Öncə valideynlərdən, sonra da yaş həddi ilə cəmiyyətdən zərbə görürlər”.

Psixoloqun sözlərinə görə, öz probleminə başı qarışan valideynin uşaq yadından çıxır. Hətta bir çox hallarda hər iki valideyn uşağı düşmən gözündə görür: 

"Uşağın bir yanlış hərəkətində ata anasına, ana da ataya bənzədildiyini vurğulamaqla övladlarını uçuruma sürükləyirlər. Əslində azyaşlı uşaqların, xüsusən də qızların intiharına, özünü öldürmə həddinə çatmasına çox səbəb göstərmək olar. Amma hər şeyin kökü ailədən qaynaqlanır. Uşaqların hansı psixologiyada böyüməsində ailənin rolu böyükdür. Həyatı sevməyi də, həyatdan bezməyi də qız övladlarına valideyn aşılayır. Sadəcə ana deyil, hər iki tərəf övladına yaxın olmalı, onun problemləri, çətinlikləri ilə maraqlanmalıdır. Ata, ana kimliyi onlara dar olmamalıdır. Qız uşaqları çox zərif psixikaya mənsubdurlar. Zərbə də ən çox onlara olur. Uşaqlarda şəxsiyyəti formalaşdıran onun valideynləridir. Əgər bir uşaq bu həyatda özünü tapa bilməyib intihar edirsə, deməli, səbəbkar valideynlərdir”.

Şəymən