Məlahət Mürşüdlü :"Digər tərəfdən qızların ali təhsil almağa meyl etməsi, göstəricilərin yüksək olması bütövlükdə cəmiyyətin xeyrinə məsələdir"
"Oğlanlar texniki fənlərə, qızlar isə humanitar sahələrə daha çox meyl edir. BU isə müəllim peşəsində qadınların sayının artmasına səbəb olur”.
Bunu "Sherg.az”a son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanlarında olan gender bərabərliyində dəyişikliklərlə bağlı danışarkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. O bildirib ki, qadınların müəllimliyə daha çox meyl etməsi mental dəyərlərlə də əlaqədardır:
"Qadınların, xüsusilə ailəli olarkən saat 9-dan 6-ya qədər işdə çalışması, ev, ailə problemlərinə, uşaqların tərbiyəsinə zaman qalmadığı baxımından qəbul edilmir. Ona görə, hesab edirlər ki, ən yaxşı peşə müəllimlikdir. Bu stereotiplər qaldığına görə,bu, təhsilə yanaşmada da özünü göstərir.
Digər tərəfdən qızların ali təhsil almağa meyl etməsi, göstəricilərin yüksək olması bütövlükdə cəmiyyətin xeyrinə məsələdir. Hacı Zeynalabdin Tağıyev deyirdi ki, anaları savadsız olan millət kordur. Lakin hazırda ali təhsil bir yana, orta təhsilini belə bitirmədən erkən nikahlara yönləndirilən qızlar da var. Bu baxımdan qadınların, qızların ali təhsilli olmasının böyük önəmi var. Ailə dəyələrinin qorunmasında, övlad tərbiyəsində insanın mənəvi, əxlaqi dəyərlərinə sahib olan Azərbaycan vətəndaşının yetişdirilməsi baxımından qızların yüksək göstəriciləri hər birimizi sevindirməlidir. Bu tendensiya davam etməlidir”.
M.Mürşüdlü onu da əlavə edib ki, hazırda bilik və bacarığını təkmilləşdirən, bunu praktikada tətbiq edə bilən insanlar özünə yer edə biləcək:"Bu məsələdə isə oğlan-qız, qadın-kişi ayrımı etməməliyik. Müxtəlif sahələrdə qadınlar da, kişilər də işləyə bilər. Qızların müxtəlif ixtisaslara yiyələnməsi məsələsində gender məsələsi olmamalıdır. Bazar iqtisadiyyatı şəraitində sağlam rəqabət təmin olunmalı, aldığı biliyi praktikada tətbiq etməyi bacaran istər qız, istər oğlan istədiyi peşəyə yiyələnə bilər”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çoxdur.
Aysel Aslan