Hamı kütləvi şəkildə 1 və 3-cü qrupu seçəcək

Yeni modelin tətbiqində çətinliklər yarana bilər



Bu tədris ilində XI sinfi bitirən ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Bununla bağlı açıqlama verən təhsil naziri Ceyhun Bayramov cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlarını deyib.

Nazirin sözlərinə görə, imtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Yeni modelin mahiyyətini açıqlayan C.Bayramov əlavə edib ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur.
Ekspertlər tətbiq olunacaq yeni modelin gələcəkdə həm müəllim, həm də şagirdlər üçün faydalı olacağına inanır.

Azərbaycanda təhsil sistemində ali məktəblərə qəbul imtahanlarında dəyişikliklərin labüd olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədovun fikrincə, artıq 25 ildən çoxdur eyni cür test tapşırıqları ilə qəbul tələbələrin bacarıqlarını passivləşdirir:

 "2008-2009-cu tədris ilindən başlayaraq Azərbaycanda orta ümumtəhsil məktəblərində kurrikulum standartlarına uyğun təhsil prosesi həyata keçirilir. Həmin bu sistemdə şagirdlərin yalnız bilik səviyyəsi müəyyən edilirdi, digər bacarıqlarını yoxlamaq mümkün olmurdu. İnsi isə artıq əmək bazarında yeni bacarıqlar tələb olunur. Bu səbəbdən də DİM 2019-cu il tədris sistemi üçün yeni model hazırlayıb. Buraxılış imtahanında toplanılan bal qəbul imtahanında toplanılan balın üzərinə gələcək və ümumi toplam bal çıxarılacaq. Qəbul imtahanlarındakı yenilik isə fənn sayının azalması ilə müşahidə olunur. Ancaq orta məktəblərdə ənənəvi deyil, təmayül (ixtisaslaşma) üzrə tədris aparıldığı üçün yeni modelin tətbiqində çətinlik yarana bilər. 2-ci qrupa hazırlaşan uşaqların dünya tarixi fənni ilə bağlı çətinliyi olsa da, bu model üzrə ən acınacaqlı ixtisas qrupu 4-cü qrup hesab olunur. Onlar buraxılış və qəbul imtahanlarında 3 ayrı fəndən imtahan verəcəklər. Düşünürəm ki, kifayət qədər ağır qrupdur və şəxsi fikrimə görə, gələcəkdə abituriyentlər kütləvi şəkildə 1 və 3-cü qruplara meyl edəcəklər".

Şəymən