"Bank vətəndaşa zamanında bildirişlər göndərmirsə, məsuliyyət daşıyır. Çünki vətəndaşın banka çox az miqdarda borcu qalıbsa, bank ilk 1 aylıq gecikmədə mütləq xəbərdarlıq göndərməlidir”
"Daha az məlumatlı müştərilər, öz hüquqlarını bilmədikdə banklar tərəfindən aldadılır”.
Bunu "Sherg.az”a iqtisadçı - ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, banklarla problem yaşayan vətəndaşlar müxtəlif yollarla problemlərini həll edə bilərlər:
"İlk olaraq hər bir vətəndaşa tövsiyə olunur ki, bankla əməkdaşlıq zamanı sənədlərə və müqavilə şərtlərinə çox diqqətlə yanaşsınlar. Kredit götürdükdə ödəniş haqqında çeklərin uzun müddət saxlanmasına ehtiyac yoxdur. Hər bir krediti bağlayan vətəndaş bankdan son kreditin bağlanması ilə bağlı arayış ala bilir. Bu sənədi aldıqda digər çeklərin saxlanmasına ehtiyac yoxdur. Müştəri ödəniş qrafikini də ala bilər.
Hazırda bir sıra banklar müxtəlif ödəmə sistemləri üzərindən ödənişləri qəbul edirlər. Bu zaman əldə olunan qəbz ən yaxşı halda 6-7 ay keyfiyyətini saxlaya bilir. İnsanlar diqqətli olmalı və ən azı ildə bir dəfə ödədiyi vəsaitlərin qrafikini bankdan ala bilər. Banklar bu məlumatları verməyə borcludur. Kreditin tam bitməsi ilə bağlı da arayış alınmalıdır.
Vətəndaşın banka çox az miqdarda borcu qalıbsa, bank ilk 1 aylıq gecikmədə mütləq xəbərdarlıq göndərməlidir. Əgər 6 ay ərzində borc ödənmirsə, bank məhkəməyə müraciət etmə hüququ əldə edir. Bütün bu proseduralar həyata keçirilmirsə və uzun müddət sonra vətəndaşa sizin bu qədər borcunuz var deyilirsə, vətəndaşları öz hüquqlarını birmənalı şəkildə məhkəmədə müdafiə etməlidirlər. Əminəm ki, heç bir bank məhkəmədə qalib gələ bilməz. Çünki bank öz öhdəliklərini yerinə yetirmir, vətəndaşa zamanında bildirişlər göndərmirsə, məsuliyyət daşıyır”.
Banklar tərəfindən aldadılmaların əksəriyyətinin vətəndaşların səhlənkarlığından baş verdiyini diqqətə çatdıran R.Həsənov deyib ki, istənilən situasiyada vətəndaşlar sənədlərlə tanış olmalıdır:
"Əslində başa düşülən məqamlar var. Vətəndaşlar banklara ehtiyac səbəbindən müraciət edirlər. Bu zaman müştərinin psixoloji vəziyyəti də nəzərə alınmalıdır. Mütəxəssislər və bu sahəyə nəzarət edən qurumlar tərəfindən müqavilələrin tərtibi üçün fikirlər səsləndirilib. Hər bir müqavilə imzalanarkən vətəndaşlara bir-bir göstərilməsi vacibdir. Vətəndaş o situasiyada olur ki, sanki pulu əvəzsiz verirlərmiş kimi dəfələrlə bank əməkdaşlarına dəfələrlə minnətdarlıq edir. İstənilən sənədə qol çəkir, heç birini də oxumur. Nəticədə problemlər ortaya çıxır. Hətta elə vətəndaşlar var, ancaq devalvasiya vaxtı bilib ki, krediti manatla ya dollarla imiş.
Hazırda nəzarətin zəif olduğu sahə kimi bank sektorunda fəaliyyət göstərən çalışanlar öz problemlərini vətəndaşların üzərinə ötürürlər. Bankların bir çoxunun içi boşaldılır. Bankların böyük müştəri kontingenti varsa, kiçik məbləğlərlə bu vəsaitlər hansısa formada vətəndaşlara borc yükü kimi əlavə edilə bilər. Mexanizmlər və bankın əlində olan imkanlar buna şərait yaradır. Ona görə, vətəndaşlar banklarla əməkdaşlıq edərkən diqqətli olmalıdırlar. Mütəmadi olaraq bankla öz arasında qalıq borcun müəyyənləşdirilməsində ödəniş qrafikini tələb etməlidir”.
Aysel Aslan