Azər Rəşidoğlu: “Əgər İranın parçalanması planı mövcuddursa, Cənubi Azərbaycan probleminin də qabardılacağını istisna etmək olmaz. Təbriz növbəti dəfə böyük oyunlara qurban verilə bilər”
Hədəf bəllidir
Kürdüstan olayı həm də İranı parçalamaq üçün qurulub
Azər Rəşidoğlu: “Əgər İranın parçalanması planı mövcuddursa, Cənubi Azərbaycan probleminin də qabardılacağını istisna etmək olmaz. Təbriz növbəti dəfə böyük oyunlara qurban verilə bilər”
Azər Rəşidoğlu: “Əgər İranın parçalanması planı mövcuddursa, Cənubi Azərbaycan probleminin də qabardılacağını istisna etmək olmaz. Təbriz növbəti dəfə böyük oyunlara qurban verilə bilər”
İraq kürdlərinin "referendum” şousu ətrafında gərginlik davam edir. Məsələ ondadır ki, "müstəqil kürd dövləti” ideyası sadəcə İraq üçün deyil, ümumi region üçün ciddi təhdid hesab olunur. O baxımdan əksər ölkələr "Kürdüstan” planına qarşı çıxırlar. Bölgədə gedən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış siyasi şərhçi, "Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu yaxın zamanlarda gərgin olayların baş verəcəyini istisna etməyib...
- Kürdlərin qanunsuz "referendum”undan sonra bölgədə təhlükəli hadisələrin baş verəcəyi proqnozlaşdırılır. Sərhədlərin dəyişəcəyi, ölkələrin savaşacağı deyilir. İddialar doğrudurmu?
- İraqın şimalında "Kürdüstan”ın yaradılması Türkiyə, Suriya, İran və Azərbaycan üçün ciddi risklər meydana çıxara bilər. Ehtimal etmək olar ki, İsrail və ABŞ tərəfindən müdafiə edilən "Böyük Kürdüstan” ideyası bölgədə kürd separatçılarını fəallaşdıracaq. Eyni zamanda bu ölkələrdə yaşayan etnik kürdlər arasında separatçılıq meyilləri güclənəcək. Əslində hədəf bəllidir, ABŞ Prezidenti Donald Tramp və İsrail hökuməti "müstəqil” kürd dövlətindən məhz İran kürdləri arasında separatçılığı qızışdırmaq və nəticədə bu ölkəni parçalamaq üçün yararlanmağa çalışır. Bir sözlə, bölgə yeni savaşa girir. Türkiyə daxilində kürdlərə geniş hüquqların tələb edilməsi yerli özünüidarəetmə təsisatlarının gücləndirilməsini nəzərdə tutur. İran və Azərbaycan da bu plana daxildir.
- Bir sıra ekspertlərin fikrincə, kürd kartından istifadə edənlərin, xüsusən İsrail kimi ölkələrin əsas hədəfi İrandır. İranı zəiflətməkdə məqsəd nədir?
- Türkiyə İraq Kürdüstanına 5 milyard dollarlıq investisiya qoyub, ticarət əlaqələri hələ də var. İraq kürdləri nefti Türkiyə üzərindən ixrac edir. Bərzaninin bütün kapitalı Türkiyə banklarındadır və o hesabların dondurulması da imkansız görünür. Hazırda İrandakı kürdlərin fəallaşması sezilir. Əgər İranın parçalanması planı mövcuddursa, Cənubi Azərbaycan probleminin də qabardılacağını istisna etmək olmaz. Təbriz növbəti dəfə böyük oyunlara qurban verilə bilər. Kürdlərə müstəqillik planı sadəcə İraq üçün deyil, həm də kürdlərin kompakt yaşadığı və təşkilatlandığı Türkiyə, İran və Suriya üçün də ciddi təhdiddir. Artıq Suriyada faktiki bir kürd muxtariyyəti mövcuddur. İraqda kürdlərin referendumu və ya müstəqillik elan etmələri sözsüz ki, İran və Türkiyəni ciddi narahat edir. Çünki bu ölkələrdə kürd etniklər var. Bu səbəbdən də uzun illər Bərzani ilə müttəfiqlik münasibətləri olan Ankara və Tehran indi referendum qərarından narahatdırlar və sərt şəkildə buna qarşı çıxırlar. Ancaq Bərzani hələlik çox rahatdır. Çünki bir tərəfdən İsrail və bəzi Avropa dövlətləri tərəfindən açıq şəkildə, bir sıra region dövlətləri tərəfindən isə gizli şəkildə dəstəkləndiyini bilir. İstənilən halda bu hadisə Bərzaninin siyasi məqsədlərinə xidmət edir. Lakin Kərkük Bərzani üçün baha başa gələ və qanlı müharibəyə səbəb ola bilər. Çünki Kərkük sadəcə Bağdad üçün deyil, həm də Türkiyə və türkmənlər üçün də qırmızı xətdir. Kərkük Ərdoğanın tarixdəki yerini bəlli edə bilər. Kərkük türkmən şəhəridir və onun Kürdüstanın tərkibinə verilməsi gələcəkdə türkmənlərin oradan sıxışdırılıb çıxarılmasına gətirib çıxaracaq. 1918-ci ildə Kərkük Osmanlı imperiyasının tərkibində olub. Sonradan isə ingilislər nəzarətə götürüb. Türkiyənin İraq ərazilərini belə tərk etməsi və "Fərat Qalxanı” əməliyyatının başa çatdığını bəyan etməsi ciddi yanlışlıq idi. Baş verənlər Qərbin ssenarisinə bənzəyir. Artıq Türkiyədə daha sərt idarəçiliyə keçidin alternativi görünmür və ssenari tam gücü ilə işə düşür. Bölgədə "Kürdüstan”ın yaradılması PKK üçün xəyali kürd dövlətinin qurulması, əslində isə Yaxın Şərqdəki balansın tamamilə alt-üst olması deməkdir. Yaxın Şərqdə hegemonluq niyyətində olan Vaşinqtonun strateqləri kürd kartından istifadə etməyi düşünürlər.
- Mövcud təhlükələrə qarşı səmimi Ankara-Tehran əməkdaşlığı formalaşa bilərmi? Yoxsa, istənilən birlik formatının ömrü qısa olacaq?
- Hər iki ölkənin regionda aparıcı fiqura çevrilmək planı olduğundan, Ankara və Tehran arasında uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilməz.
- Son günlərdə Türkiyə-Rusiya yaxınlaşması da müşahidə olunur. Bu, sadəcə Bərzaniyə qarşı birləşmədir, yoxsa pərdə arxası başqa məqamlar var?
- Bu birlik də aralıq müddətə nəzərdə tutulub. "Kürdüstan” ideyasının ortaya atılması yaxın 10 illər ərzində qanlı savaşların alovlanması anlamına gəlir. Lakin perspektiv baxımından "Kürdüstan” dövlətinin yaradılması ciddi qəbul edilmir. Əslində hazırda kürdlərin daxilində çox ciddi ziddiyyətlər mövcuddur. Çünki "ortaq kürd mədəniyyəti” deyilən bir anlayış yoxdur. Əgər "Kürdüstan dövləti”nin yaradılması ideyası beynəlxalq dəstək qazanarsa, bu amil kürdlərin öz içlərində qanlı savaşa yol aça bilər. Bu layihə Vaşinqton strateqlərinin idarə etdiyi və həyata keçirdiyi idarə olunan xaos nəzəriyyəsidir. Lakin burada bir fakta da diqqət yetirək. Rusiyanın neft nəhəngi "Rosneft” İraq Kürdüstanı ilə danışıqlardadır və burada regional qaz kəmərini maliyyələşdirməyə hazırlaşır. "Rosneft” Kürdüstan Regional Hökumətinə kreditlər verir. Burada özünün enerji infrastrukturunu genişləndirmək üçün sazişlər imzalayır və hətta potensial kəşfiyyat-qazma işləri barədə danışıqlar aparır. "Rosneft” bəyan edib ki, Kürdüstan Regional Hökuməti ilə "sürətli bir şəkildə” qaz kəmərləri sisteminin yaradılması üçün danışıqlar prosesindədir. Rusiya şirkəti bildirib ki, bu barədə sazişlər artıq bu ilin sonunadək imzalana bilər. Layihəyə görə, yerli istehlakçıların qazla təchizatı 2019-cu ildə başlanacaq. "Rosneft”in planlarına görə, "Kürdüstan” onun köməyilə 2020-ci ildən qaz ixracatına hazır olacaq. Şirkətin rəsmiləri bildiriblər ki, fabrikləri qazla təchiz edəcək, daha sonra isə təbii qaz Türkiyə və Avropaya çıxarılacaq. Bu kəmərin tutumunun ildə 30 milyard kubmetr olacağı düşünülür.
- Bir sıra ölkələr Bərzaniyə açıq dəstək verirdilər. Sizcə, indiyə qədər Bərzaninin dəstək görməsi ilə qanunsuz "referendum”a dəstək verilməsi eyni məsələdirmi?
- İraqın şimalında 45 milyard barel neft ehtiyatı mövcuddur. Bu, İraqın bütün neft ehtiyatlarının üçdə biri deməkdir. Burada hazırda gündə 650 min barel neft hasil olunur ki, bunun da 550 min bareli Türkiyə ərazisi ilə Aralıq dənizi limanlarına çıxarılır. Dünya neft bazarı OPEC-in ikinci ən böyük hasilatçısı olan bir ölkəni potensial baxımdan parçalayacaq ziddiyyətli referendumdan niyə narahat olmayıb? Araşdırmalara görə, Kürdüstan rəsmiləri referendumun nəticələrinin, yəni müstəqilliyin rəsmi bəyanına qədər Bağdadla ciddi danışıqlara girəcəklər. Bu isə illərlə davam edə bilər. Beynəlxalq dəstək və tanıma olmadan "Kürdüstan” yaxın gələcəkdə özünün müstəqilliyini elan edə bilməyəcək.
- "Regionda illərlə davam edəcək çox böyük geosiyasi gərgin proseslər başlayacaq” iddialarına münasibətiniz necədir?
- Bağdad və İranın, indi isə Ankaranın hərbi müdaxilə barədə hədələrinə baxmayaraq, bölgədə tammiqyaslı müharibənin başlayacağı ağlabatan görünmür. Kürdlər özünü İŞİD adlandıran qrupa qarşı müharibədə həlledici rol oynayıblar və bu, İraq Kürdüstanında nəzərəçarpacaq anti-İŞİD koalisiyasının yaranması ilə nəticələnib. Burada, xüsusilə də Kərkükdə və onun ətrafında yaxşı möhkəmləndirilmiş müdafiə xətləri yaradılıb. Bəzi mübahisəli ərazilərdə şiə silahlılarla xırda toqquşmalar istisna edilməsə də, neft infrastrukturunu təsirləndirəcək tammiqyaslı müharibə real deyil. Bundan başqa mərkəzi İraq hökuməti bütün xarici dövlətləri Kürdüstan regionu ilə ticarətdən çəkinməyə çağırıb. Beləliklə, Türkiyə buradan gedən neft kəmərini bağlamasa, Bağdadın yeganə çarəsi "Kürdüstan” neftini daşıyan tankerləri məhkəməyə vermək olacaq. Keçmişdə vəziyyət elə bu cür olub. Bərzani "Vitol”, "Trafigura”, "Petraco” və "Glencore” kimi neft firmalarından istifadə edir və Bağdadın qara siyahısına baxmayaraq, kürd nefti dünya bazarında özünə alıcı tapır.
Türkiyənin sərtliyinə rəğmən, Ankara "Kürdüstan” neftini nəql edən boru kəmərini bağlamayacaq. Ankara Yaxın Şərq və Rusiyadan gələn enerji ixracatı üçün etibarlı tranzit kimi kəmərlərdən fayda götürür. Baş verən hadisələr beynəlxalq neft şirkətlərini narahat etmir. Geosiyasi risklərə və qeyri-sabitliyə baxmayaraq, bu şirkətlər "Kürdüstan” neftinə marağı itirməkdənsə, əksinə, bura axıdılan investisiyaları artırıblar. Referendumdan bircə həftə əvvəl ABŞ neft nəhəngi "Chevron” iki illik fasilədən sonra "Kürdüstan”dakı qazma işlərini bərpa edib. Üstəlik, son iki həftədə Kürdüstan Regional Hökuməti böyük neft şirkətlərini onlara olan borclarını qaytaracağına inandıra bilib. Bir sözlə, "Kürdüstan” ideyası qaz qoxusu verir. Sıravi kürdlər isə bu oyunda sadəcə sıravi iştirakçılardır.
- Ötən gün PKK türk hərbiçilərə hücum etdi, nəticədə şəhid və yaralılar oldu. Ardınca Türkiyənin hava qüvvələri İraqın şimalındakı terrorçu hədəfləri bombaladılar. Son proseslərdən dolayı PKK yenidən fəallaşa bilərmi?
- Əminəm ki, Ərdoğan bu ideyanın reallaşmasına imkan verməyəcək.
- Narahatlıq doğuran məsələlərdən biri də qanunsuz "referendum”un Dağlıq Qarabağ probleminə hansısa müstəvidə təsir göstərəcəyi ilə bağlıdır. Sizcə, bu narahatlıq nə dərəcədə ciddidir?
- Bu məsələnin Dağlıq Qarabağla birbaşa əlaqəsi mövcud deyil. Mən "Kürdüstan”la separatçı Dağlıq Qarabağın qondarma rejimi ilə müqayisəni doğru hesab etmirəm.
İsmayıl