“Həmid Herisçi hər gün “ölür”, üfunətindən uzaq olmaq lazımdır”

Yazarlar Həmidin mərhum Rafiq Tağıhaqqında söylədiyi fikirlərə sərt cavab verdilər


Yazıçı - konspiroloq Həmid Herisçi mərhum yazar Rafiq Tağı haqqında xoşagəlməz ifadələr
deyib. Mərhumu xainlikdə ittiham edən konspiroloq Rafiq Tağının onu kiminsə sifarişi ilə
tənqid etdiyini, fitvaya getdiyini iddia edib və mərhum yazıçı haqda ağır sözlər işlədib: "O da
fitvaya getmişdi. Buna görə də axırı çox pis oldu. AYO-nun başına kontrol atəşini şəxsən özüm
vuracağam”.
Həmid Herisçi bir yazıçının başqa bir yazıçı, həm də qətlə yetirilmiş qələm yoldaşı haqda belə
danışmasını bu cür izah etməyə çalışıb: "Xainləri sevmirəm, heç vaxt bağışlamıram. Peyğəmbərə
dönük çıxan şəxs dostlarına da xain çıxdı. Mən onu xain kimi tanıyıram. Xainin ölüsü - dirisi
olmur, mənim üçün xaindir o”. Rafiq Tağının qardaşı İlqar Tağı isə moderator.az-a
açıqlamasında Herisçinin ittihamlarına kəskin reaksiya verib: "Həmid Herisçi ağlına dua
yazdırmalıdır, onun ağlı çaşıb. Xain özüdür ki, Azərbaycan ziyalısı haqda belə danışır. Vaxtilə
də, Azərbaycanın bütün ziyalılarını təhqir etmişdi və onun bu sözü Rafiq tərəfindən adekvat
cavablandırılıb”.

İlqar Tağının sözlərinə görə, vaxtilə Həmid Herisçi haqqında yazı yazıb və orada onu İran casusu
adlandırıb: "Onu deyəsən yenə qıdıqlayırlar o tərəflərdən. Adam vaxtilə Şimali Azərbaycanda
ciddi adam yoxdur demişdi. Rafiq də onu susdurmuşdu. İndi atılıb-düşür özüyçün. Bədbəxtin
biridir o”.

Qeyd edək ki, Həmid Herisçinin Rafiq Tağını xain adlandırması və onun haqqında ağır sözlər
deməsi mərhumun ailəsindən əlavə onun yazar dostlarını da hiddətləndirib. Məsələyə qısaca
münasibət bildirən şair Cəlil Cavanşir Həmid Herisçini reallıq hissini itirmiş avantürist
adlandırıb: "Qeyri-ciddi adamdır. Rafiq Tağı dünyasını dəyişsə də, ölməyib. Həmid isə hər gün
"ölür” və təəssüf ki, artıq iylənir. Onun üfunətindən uzaq olmaq lazımdır”.
Yazar Qan Turalı isə Həmid Herisçinin fikirlərinin əxlaq və mənəviyyatdan kənarda olduğu üçün
şərh verməyə çətinlik çəkdiyini deyib.

Yazıçı Şərif Ağayar isə Həmid Herisçinin Rafiq Tağıya qarşı münasibətinin şəxsi olduğunu
deyib: 
"Yadımdadır, Rafiq Tağı Həmidin atasından sərt bir yazı yazmışdı, Həmid də inciyib ona
cavab vermişdi. Ancaq indi Həmid bəy Rafiq Tağının cavab vermək imkanında olmadığını
nəzərə almalı, tənqidini yumşaq etməlidir. Mən Rafiq Tağıya da, Həmid Herisçiyə də ustad kimi
baxıram və belə söhbətlərə sadəcə üzülürəm. Daha mədəni, daha sivil etmək olardı”.

Gənc yazar Ayxan Ayvazın qənaətincə, Həmid Herisçi artıq tükənib və buna görə də hirsini,
hikkəsini ətrafa saçmaqla məşğuldur: 

"Verdiyi müsahibə heç bir etik qaydaya sığmır.Ədəbsizlikdir! Rafiq Tağı kimi, qarışqanı belə tapdalamağa ehtiyat edən bir yazıçı haqqında bu cür fikirlər səsləndirmək insanlıqdan çıxmaqdır. Bunun başqa nə adı ola bilər? Rafiq Tağı öldürüləndən sonra ədəbiyyatımızın üzərinə qaranlıq çökdü. İşığımızı söndürdülər. Həmid də işığımızın üzərinə ləkə yaxır. Öz qaranlıq, kinli dünyasını o işığa bulaşdırır. Ayıb olsun! Hər şey bir qırağa, haqsız yerə öldürülmüş bir gözəl insan haqqında bu cür danışmağı nəinki yazıçıya, heç bir insana yaraşdırmaq olmaz. Ağır sözlər demək istəmirəm. Yaşca böyük olduğu üçün hörmət edirəm. Ancaq bu qədər kin püskürmək nəyə lazım? Bunu heç cür anlaya bilmirəm”.

Şəymən