Hər an sürüşmə təhlükəsi var

Hündür binaların tikintisi şəhərin kənarında aparılmalıdır
Teleqüllənin 200-250 metr cənub-şərqində torpaq qatındakı çatların genişlənə biləcəyi ehtimal olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.
Onun sözlərinə görə, ərazidə eni 20 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Çatın görünən dərinliyi isə 6-7 metrdir.
R.Həsənov qeyd edib ki, "Teleqüllə” sürüşmə sahəsindəki aktivləşmə son aylar ərzində qeydə alınıb: "Ancaq atmosfer yağıntılarının təsirindən burada aktivlik yarana, çatlar genişlənə bilər. Çünki ərazidə açıq sahə çoxdur. Sahədəki 6-7 metr dərinlikdə olan yerə güclü yağış yağarsa, prosesin dinamikasında ciddi dəyişiklik ola bilər”.
Teleqüllə yaxınlığındakı çatların yaranma səbəbləri ilə bağlı "Şərq”ə danışan Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova bildirib ki, yeraltı suların səviyyəsinin qalxması və sürüşmələrin baş verməsi ərazidə çatlar yaradır. Onun sözlərinə görə, şəhərin mərkəzi yerlərində hündür binaların, villaların tikilməsi olduqca təhlükəli haldır. Lakin buna baxmayaraq şəhər ətrafında göstərişli binalara rast gəlinir: 
"Hazırda qlobal istilərin qalxması aysberqlərin okeanlara tökülməsinə şərait yaradır. Həmin okeanlarda isə yeraltı çayları var ki, birbaşa Xəzər dənizi ilə əlaqəlidir. Ona görə də yeraltı suların səviyyəsi qalxır və sürüşmələr yaranır. Abşeron yarımadası 7 metrlik gil təbəqəsi üzərində olduğu üçün sürüşmələr baş verə bilir. Hər zaman demişəm ki, hündür binaların tikintisi şəhərin kənarında olmalıdır. Lakin baxırıq ki, dəniz kənarında nə qədər hündür binalar var. Bunlar Abşeron yarımadasında çatlar əmələ gətirir və tikililərin birdəfəlik sürüşüb dənizə düşmə təhlükəsi yaranır”.
Yeganə Bayramova