“Hər kəs üçün davamlı inkişaf və sülh”

Hazırda bütün dünya buna ehtiyac duyur
Əgər regionda və dünyada doğrudan da sülh istəyiriksə, birgə səylə böyük siyasi coğrafiyada tüğyan edən terror və hibrid müharibə probleminə son qoymalıyıq

Məlumdur ki, noyabrın 26-da İstanbulda "Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Sammiti öz işinə başlayıb. Forumda Azərbaycanı Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edib. Prezident köməkçisinin çıxışı və tədbir çərçivəsində müsahibələri Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Qardaş ölkənin "Haber Qlobal”, CNN Türk, ATV və NTV televiziya kanalları, "Hürriyyət” və "Yeniakıt” qəzetləri PA rəsmisi Əli Həsənovun çıxışından sitatlar veriblər. "Sülh, təhlükəsizlik, əmin-amanlıq yoxdursa, qarşıdurmalar, münaqişələr yaşanırsa, orada davamlı inkişafdan söhbət gedə bilməz” sərlövhəsi ilə təqdim olunan yazılarda Əli Həsənovun təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalan müasir Azərbaycanın inkişaf dinamikasına, dövlətimizin sülh və tərəqqi çağırışlarına, bu istiqamətdə görülən real işlərə dair fikir və mülahizələri geniş şəkildə türkdilli oxucuların diqqətinə çatdırılıb. 

Mətbuat Əli Həsənovun çıxışındakı "Milyonlarla insan yalnız sağ qalmaq, müharibə qurbanı olmamaq üçün özlərinin yüzillik, minillik isti ocaqlarını tərk edərək daha sabit hesab etdikləri bölgə və ölkələrə mühacirət edir, pənah aparırlar. Bu gərginlik bu gün Mərkəzi və Şimali Amerika sərhədlərindən Suriya və Türkiyə, Myanma və Banqladeş sərhədlərinədək bütün dünyanın geosiyasi məhvərindən keçir” kimi məqamlara diqqətlə yanaşıb.

Mühüm Forumla bağlı "Şərq”ə danışan millət vəkili Hikmət Babaoğlu deyib ki, "Hər kəs üçün davamlı inkişaf və sülh” devizi hazırda bütün dünyanın ehtiyac duyduğu ən ümdə məsələdir. Deputatın sözlərinə görə, dünyanın gələcəyi bu devizin nə qədər uğurlu bir formula ilə həyata keçirilməsindən asılı olacaq:

 "Bu gün təməlləri qoyulan siyasi paradiqmalar sabahın siyasi reallıqlarını müəyyən edəcək. Azərbaycan müharibəyə cəlb edilmiş ölkədir və Ermənistan tərəfindən ərazilərinin 20 faizi işğal edilib. 1994-cü ildən bəri atəşkəs rejimi tətbiq edilsə də, Ermənistanın işğalçı ordusu daima təmas xətti və sərhəd boyunca Azərbaycan ərazilərini atəş altında saxlayıb. Dinc əhalini hədəfə çevirməklə faktiki müharibə vəziyyəti yaradıb. Ona görə də bu gün qarşıdurmadan, müharibə şəraitində yaşamaqdan və terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır və sülhə çox ehtiyacı var. 

Boğaziçi Forumu məhz bu həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan üçün bir beynəlxalq platformadır. Forumda Azərbaycanı təmsil edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məhz bu məsələlərə diqqət çəkərək inkişafın və sülhün bərqərar olması üçün ilk növbədə işğal faktına son qoyulmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın sülh istədiyini bildirən Əli Həsənov ölkəmizin bunun üçün olduqca mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması yaratmağa nail olduğunu dedi. 

Eyni zamanda davamlı inkişafın təmin olunması üçün yeni regional şərtlər yaratmağa müvəffəq olduğunu bildirdi. Əgər regionda və dünyada doğrudan da sülh istəyiriksə, birgə səylə böyük siyasi coğrafiyada tüğyan edən terror və hibrid müharibə probleminə son qoymalıyıq. Boğaziçi forumunda müzakirə edilən mövzuların hər biri olduqca mühüm problem kimi öz həllini gözləyən məsələlərdir. Müsbət haldır ki, ölkəmiz bu tipli beynəlxalq konfransda görülməli işlərlə bərabər öz təcrübəsinə istinadən gördüyü işlərdən də danışa bilir”.

İsmayıl