Stomatoloji kabinetlərdə, gözəllik salonlarında əhaliyə xidmət zamanı alətlərin sterilizasiyası olduqca vacib və diqqət çəkən məsələdir. Təəssüf ki, əhalinin bu barədə məlumatlılığı həddindən artıq zəifdir. Bəzi vətəndaşlar sterilizasiyanın necə aparıldığını bilsələr də, diş həkiminə bu barədə sual verməyi ayıb sayırlar.
Məlumdur ki, sağlamlığımıza ciddi təhlükə yaradan çoxlu sayda viruslar var. Dünya səhiyyəsi nə qədər virus xəstəliklərinə qarşı mübarizə aparsa da, xəstəliklər yayılır, ziyan çəkənlər də artır. İnsanlar bu mövzuda çox məlumat ala bilmirlər və ya maarifləndirmə aşağı səviyyədədir. Virus xəstəlikləri necə yoluxur, necə yayılır? İnsanlar bundan xəbərdar olmadıqları üçün özlərini qorumağın yolunu da bilmirlər.
Stomatoloq öz peşəsinə aid yenilikləri, protokolları öyrənməlidir. Ən azı gecə başını yastığa qoyanda fikirləşməlidir ki, pasiyentin sağlamlığını qoruya bilir. Bütün hallarda yaxşı olardı ki, xəstə özü sağlamlığını düşünərək həkimlə bu barədə söhbət edib məlumatlı olsun. Həmçinin həkimlərin də gigiyenik qaydalara dəqiq və məsuliyyətli yanaşması onların vəzifə borcudur.
Sterilizasiyanın necə aparılmasını, alətlərin aparatda saxlanmasını, mikrobları, virus və bakteriyaları necə öldürməyin qaydasını bilməyən çoxlu sayda stomatoloqlar var. Sterilizasiya həkimin xərclərini artırsa da, o buna bir standart, stomatoloji protokol kimi yanaşmalıdır. Bu gün bir çox yerlərdə stomatologiya mərkəzləri açılıb. Lakin belə mərkəzlərin çoxu Səhiyyə Nazirliyinin müvafiq yoxlamalarından keçmir.
Həkimlik peşəsinin ilk öncə vicdan anlayışı ilə bağlı olduğunu deyən stomatoloq Zəlimxan Məmmədli "Şərq"ə bildirib ki, əgər həkimdə vicdan varsa, digər məsələlər mütləq həllini tapacaq:
"Bir həkimin tərbiyəsi, intellektual səviyyəsi, sənətinə vurğunluğu yerindədirsə, ona kimsə diktə edə bilməz ki, tibbi alətləri sterilizasiya etsin. Çünki bu məsələ vicdan, namus məsələsidir. Bu anlayış artıq genimizə hopub. Şəxsən mən mövcud qaydalara bütün parametrləri ilə əməl edərək, həm özümü sığortalayıram, həm də pasiyentləri hava-damcı yolu ilə keçən müxtəlif xəstəliklərdən qoruyuram. Bütün bunlar bir həkim olaraq mənim vicdanımla əlaqəlidir.
Səhiyyə və təhsil sistemimizdə o qədər anormallıqlar mövcuddur ki, insanların dürüst olmasını motivasiya edə bilmirik. İnsanları düzgün motivasiya etmək üçün də televiziyalarda faydalı proqramlar olmalı, dəyərlərimizdən danışılmalı, saxtalığa yol verilməməlidir. Lakin indi televiziyanı sanki bazara döndəriblər, əhali üçün faydalı verilişlər yoxdur. Cəmiyyətimiz elə olmalıdır ki, insanlar mənəvi, əxlaqi dəyərlərinin yüksək olduğu üçün bir-biri ilə öyünsünlər. Bunlar olmadığı təqdirdə isə inzibati resurslar, o cümlədən Səhiyyə Nazirliyi səhiyyədən başqa çox şeylərlə məşğul olacaq.
Əgər dövlət strukturları cəmiyyətin mənəvi saflığına köklənərsə, neqativ hallar yaşanmaz. Bu zaman insanların dövlət qarşısında, həkimlərin isə pasiyent qarşısında məsuliyyəti olacaq. Yoxsa həkimlik sənətindən uzaq olan bir adam həkimliklə məşğul olursa, onun üçün fərqi yoxdur ki, xəstə öləcək, ya yox. Beləliklə də mənəvi cəhətdən zəngin olmayan bir təbəqə formalaşır. Bütün bunlar isə cəmiyyətimizin bir bəlasıdır, bu bəlalar aradan qalxmalıdır ki, insanlar davranışda, danışıqda bir-birinə güvənə bilsinlər".
"Stomatoloji tibbi avadanlıqlar sterilizasiya olunmadığı təqdirdə nə kimi xəstəliklər yarana bilər" sualına gəlincə, Z.Məmmədli bildirib ki, gigiyenik qaydalara əməl olunmadığı təqdirdə pasiyentlər arasında ciddi xəstəliklərə yoluxma halları baş verə bilər:
"Əgər qanla, insanın bədən üzvü ilə təmas varsa və tibbi alət infeksiyalıdırsa, ağız boşluğu yox, hətta dəridən belə xəstəlik keçə bilər. Tibbi avadanlıqlardan əlavə həkimin əlləri, geyimi, iş otağı da mütləq sterilizasiya edilməlidir ki, zərərli virusların otaqda olmasına maksimum dərəcədə imkan verilməsin. Təbii ki, alətlər sterilizasiya edilməsə, gigiyenik qaydalara əməl edilməsə, bəzi mikroblar, xəstəlik törədən və qorxulu viruslar ölmürlər və təmiz bir alət gətirilsə belə həmin alətə də keçə bilirlər.
Buna görə də bütün gigiyenik qaydalara əməl olunmalıdır. Bu gün çoxlu sayda müasir avadanlıqlar, sterilizasiya aparatları var ki, onlardan istifadə edən zaman özünə güvənli olursan. Bu zaman xəstəliklərin yayılma riski də kifayət qədər aşağı olur".
Yeganə Bayramova