Ermənilərin din xadimləri də təxribatçı prosesə təkan verdi
İşğal altındakı Cəbrayıl rayonunda kilsə açılması Azərbaycanda kəskin etirazla qarşılandı
Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar.
Ermənistan KİV-nin məlumatına görə, iş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.
Məsələ ilə bağlı açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hesab edir ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində mülkiyyətin talan edilməsi, təbii sərvətlərin istismarı, Azərbaycan xalqına məxsus maddi-mədəni irsi vəhşicəsinə məhv etməsi və özününküləşdirilməsi, uğursuz şəkildə demoqrafik vəziyyəti dəyişməyə cəhd etməsi və digər qanunsuz əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır:
"Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi alban xristian irsinin və məbədlərinin mənimsənilməsi azmış kimi ermənilərin heç zaman yaşamadığı işğal olunmuş Cəbrayıl rayonunda kilsənin tikilməsi qəsdən münaqişəyə dini don geyindirmək, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə mane olmaqdır”.
XİN rəsmisinin sözlərinə görə, erməni din xadimlərinin bu qanunsuz və dini dəyərlərdən kənar təxribatçı prosesdə xüsusi canfəşanlıq göstərməsi ciddi təəssüf doğurur:
"Ermənistan və erməni kilsəsi tərəfindən həyata keçirilən bu kimi əməllər beynəlxalq humanitar hüquqa zidd olmaqla bərabər digər səmavi dinlər kimi sülhə, başqasının mülkiyyətinə hörmətlə yanaşmağa, insanların həyatına qəsd və digər təcavüzkar əməllərdən kənar durmağa çağıran xristian dininin təməl prinsipləri və müqəddəs İncilin təlimləri ilə bir araya sığmır.
Ermənistanın bu təxribatçılıq əməli də aidiyyəti üzrə beynəlxalq təşkilatlar çərçivəsində qaldırılacaq”.
Ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyi gündən yeraltı və yerüstü sərvətlərimizdən maksimum istifadə etdiklərini xatırladan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının sözlərinə görə, Cəbrayılda açılan kilsə də ermənilərin növbəti təbliğat üsuludur:
"Ermənilərin xislətində bu əməllər var, ona görə, onların atdığı heç bir qanun pozuntusu artıq bizdə təəccüb doğurmur. Azərbaycanın işğal olunan ərazilərində ermənilər təsərrüfat sahəsi yaratmaqları, müxtəlif obyektlər tikib, kilsələr açması orada möhkəmlənmək və görüntü yaratmaq üçündür. Ermənilərin köçüb Cəbrayılda yaşaması bir o qədər də inandırıcı deyil ki, kilsədən də istifadə etsinlər. Bu, sadəcə, ermənilərin bizim torpaqlarımızda daimi məskən saldıqlarını dünyaya göstərmək üçün bir təbliğat üsuludur. Onlar Azərbaycan xalqına bir növ mesaj verməyə çalışır ki, heç vaxt bu torpaqları qaytarmayacağıq.
Amma məsələ burasındadır ki, biz onların işğal olunan torpaqlarımızda rahatlıqla özlərinə yurd salmasına göz yummamalıyıq. Onların bu addımı birbaşa beynəlxalq hüquqa meydan oxumaqdır.
Azərbaycan təkidlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır ki, Ermənistana qarşı sanksiya tətbiq etsinlər. Çox təəssüflər olsun ki, bu istiqamətdəki işlərimiz çox ləng gedir. Azərbaycan XİN-i yüngülvari bir etiraz verir və onunla kifayətlənir.
Halbuki problemin kardinal həlli Azərbaycan torpaqlarının hərbi yolla işğaldan azad olunmasıdır. Kataloniyada baş verən proseslərə münasibət bildirən Avropa Komissiyası hərbi müdaxilənin də mümkün olduğunu bəyan edib. Amma məsələ Dağlıq Qarabağ probleminin həllinə gələndə bütün beynəlxalq təşkilatlar sərt mövqe ortaya qoyurlar ki, müharibə yolu ilə həlli yolverilməzdir”.
Şəymən