İdman dərsi keçməyən məktəb gələcəyimizə ziyan vurur

Elmi cəhətdəndə sübut olunub ki, idmanla məşğul olan şagirdlər qavramada fəallaşırlar



Deputat Naqif Həmzəyev orta məktəb şagirdlərinin idman dərslərinə laqeyd yanaşdıqlarını, əksər hallarda isə bu dərsə girmədiklərini deyib. O, Təhsil Nazirliyi və aidiyyəti qurumlarla məsələnin müzakirə edilməsinin vacibliyini qeyd edib.

Həqiqətən şagirdlərin bədən tərbiyəsi dərslərindən "qaçması” hər birimizə tanışdır. Qeyd edək ki, bu işdə məktəblər özləri də maraqlı olmalıdır. Şagirdlər üçün xüsusi idman zalının olması, onlar üçün müəyyən şəraitin yaradılması fənnə olan marağı artıra bilər.

"Necə tənzimləmək olar ki, şagirdlər digər dərslərdə olduğu kimi, bu dərsdə də müntəzəm iştirak etsinlər?” sualına cavab tapmağa çalışdıq. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev mövcud problemlə bağlı "Şərq”ə danışıb. 

Professor bu gün orta məktəblərdə idman dərslərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, idman dərsi ümumtəhsil məktəblərinə uzunmüddətli müşahidələrdən sonra daxil olub: 

"Müşahidələr nəticəsində görülüb ki, məktəblərdə şagirdlər fiziki dərslərlə məşğul olmadıqlarına görə, süst olurlar və tez yorulurlar. Ona görə də, tədris planına "Bədən tərbiyəsi” adlı fənn daxil edilib. Bu fənn 1-ci sinifdən başlayaraq 11-ci sinfə qədər davam edir. Bunun çox böyük əhəmiyyəti var, çünki insanın fiziki çalışması onun ürəyinə, qan dövranına faydalıdır. Bu, elmi cəhətdən əsaslandırılıb, sübut olunub ki, ümumtəhsil məktəblərində fiziki tərbiyə insanları hərəkətə gətirən və inkişaf etdirən fənndir. Hansı məktəb ki, bu fənni tədris planında ola-ola keçmir, o məktəblər çox böyük qüsura yol verir. Çünki idmanla məşğul olan şagirdlər qavramada da fəallaşırlar və sağlamlıqlarını təmin edə bilirlər. Ümumtəhsil məktəblərinin böyük əksəriyyətində bu fənni lazımlı səviyyədə tədris etmirlər. Beləliklə uşaqlarımızda xəstəliklər çoxalır və yorğun olurlar. Deputatın dedikləri ilə razılaşıram, bütün məktəblər bu məsələ ilə bağlı nəzarətdən keçməli və bunun üçün güclü şərait yaradılmalıdır. İstərdim ki, məktəbdə tədris-təcrübə işinə münasibətdə keçmiş və bu gün müqayisə olunmasın. Sovet dövründə təhsilə qoyulan bütün məsələlərin elmi əsası olub. Bizim məktəblər də həmin dövrün təcrübəsindən faydalanmalıdır. Bu fənn olduqca vacibdir. Hətta idman üzrə bölmələr, məktəbdən kənar müəssisələr var, şagirdlər bura da cəlb olunmalıdır. Prezident bu məsələyə xüsusi diqqət yetirir. Məktəbdəki işləri isə təhsil işçiləri həyata keçirməlidir ki, prezidentin gözlədiyi nəticələr alınsın, uşaqlar bu sahədə yetişsin. Əgər məktəblərdə idman fənni yoxdursa, sonradan o uşaqları idmançı kimi yetişdirmək olmaz. Bu, orta məktəbdən başlamalıdır. Həm idmanın inkişafı, həm də insanın sağlamlığı üçün bədən tərbiyəsi mütləq tədris olunmalıdır. Kim bu fənni keçmirsə, o, tədrisə və insanlara böyük ziyan vurur”.
Yeganə Bayramova